Radikal düşərgədə kabus dolaşır

Radikal düşərgədə kabus dolaşır

Vahid namizəd məsələsi həmişə radikal müxalifət düşərgəsində kabusa çevrilib. Onlar seçki öncəsi ayrı-ayrı strukturlar yaradıblar ki, guya seçkidə eyni platforma ilə təmsil olunacaqlar. Bunu SİA-ya "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

O, Müsavat başqanı İsa Qəmbərin 2013-cü il prezident seçkilərində namizəd olacağı ilə bağlı səsləndirdiyi açıqlamaya münasibət bildirərkən deyib ki, burada yaradılan bütün qurumların yalnız bir məqsədi olub ki, ancaq və ancaq bir-birlərini aldatsınlar: "Əslində elə bütün bu prosesin başında da bu dayanır. Bununla da istənilən saxtakarlığı, fırıldaqçılığı ört-basdır etməyə çalışırlar. İndi də həmin proses davam edir. Xatırladım ki, bir neçə müddət öncə Əli Kərimli də açıqlamasında iddia edirdi ki, özü vahid namizəd olacaq. Bu açıqlamadan sonra da İsa Qəmbərin seçkilər öncəsi vahid namizədliyi irəli sürməsi məsələsi gözlənilən idi. Bununla da onların artıq saxtakarlıq, riyakarlıq, pərdələnmək zamanı bitmiş hesab olunur. Bu proses yeni deyil. Biz onların mütəmadi olaraq hər seçki öncəsi eyni iddialarla çıxış etmələrinə, seçkidən sonra bir-birlərinə qarşı ağlasığmaz ittihamlar səsləndirməsinə və s. artıq vərdiş etmişik. Bu illərlə belə olub. Bu da onu sübut edir ki, Əli Kərimli və İsa Qəmbəri bir-birinə bağlayan heç bir ideoloji prinsip yoxdur. Əslində bu gün radikal düşərgənin özündə ciddi bir boşluq mövcuddur. Adı çəkilən bu insanları artıq politoloji müstəvidə heç bir faktor birləşdirmir. Bunlar heç özləri sağçı-solçu olmalarını, hansı rejimə xidmət etdiklərini belə dərk etmirlər. Ortalıqda yalnız primitiv, bəsit siyasi ambistiyalar var".

Bütün xəbərlər Facebook səhifəmizdə