"Partiyaya sədr seçildikdən sonra Təşkilat Komitəsi yaratdım. İki həftə ərzində Təşkilat Komitəsi heç bir iş görmədi və mən komitəni ləğv elədim". Bu sözləri SİA-ya açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Mirkazım Seyidov deyib.
O, rəhbərlik etdiyi qurumda ikitirəlik yarandığını bildirib: "Partiyada əqidəsi uyğun gəlməyən insanlar hələ çoxdur və təmizlənmə işləri aparılır. Bu işlər davam etdikcə mənim artıq ləğv etdiyim köhnə Təşkilat Komitəsinin rəhbəri Ramiz müəllimin başına bir qrup şəxs yığılaraq, qanunsuz şəkildə, mənim qərarım olmadan özlərini təşkilat komitəsinin üzvləri adlandırdılar".
Partiya sədri qurumda heç bir əsası olmadan bəzi şəxslərin ona və keçmiş sədr Məmməd Əlizadəyə böhtanlar atdıqlarını vurğulayıb: "Onlar mənim sədrliyimi, Məmməd Əlizadənin qərarlarını qeyri-obyektiv olduğunu bildirirlər. İddia edirlər ki, guya Məmməd Əlizadə ilə mənim aramda hansısa maxinasiya olub və o, partiyanı mənə satıb. Bu şəxslər mənim və Məmməd Əlizadənin adına qara yaxırlar. Qeyd etdiyim kimi onların arxasında mənim artıq ləğv etdiyim keçmiş Təşkilat Komitəsinin sədri Ramiz müəllim dayanıb və müxtəlif vədlər verir. Bu iddiaların hamısı əsassızdır, şər-böhtandır".
M.Seyidov keçmiş sədrlə aralarında heç bir qeyri-qanuni razılaşma olmadığını deyib: "Məmməd Əlizadə ilə mənim aramda heç bir pul söhbəti olmayıb. Sadəcə olaraq mən partiyanı təhvil alarkən 4 min AZN-ə qədər kommunal və digər kiçik xərclər ödənildi. Məmməd Əlizadə partiyanın gələcəyini fikirləşərək, məni sədr gördüyü üçün bu posta təyin etdi. Bizim aramızda alqı-satqı və digər bu kimi söhbətlər olmayıb. Hazırda partiyanın nizamnaməsi və sənədlər məndədir. Məmməd Əlizadə hər zaman partiyaya şərəflə xidmət edib və ümummilli liderimiz Heydər Əliyevin ideyalarını təbliğ edib. O, indi də mənimlə əlaqə saxlayır və partiyanın daim irəli gedəcəyinə ümid edir. Mən Təşkilat Komitəsini buraxılmış elan edirəm və yeni Təşkilat Komitəsinin yaranması üçün sərəncam imzalamışam. Yeni komitəninn üzvləri və sədri barədə ictimaiyyətə məlumat verəciyik".
Partiya sədri ona şər atmaq istəyənlərin bunu bacara bilməyəcəklərini bildirib: "Bu təxribatçı insanlar məni sıxışdıraraq, öz namizədlərini sədr seçmək istəyirlər. Mən Heydər Əliyev adına Beynəlxalq Forumun rəhbəriyəm və bu qurumun gördüyü işlər göz qabağındadır. Onlar başa düşmürlər ki, mən partiyaya yalnız xeyir verə bilərəm. Bu insanlar mənə qara yaxmaq istəsələr də, alınmayacaq. Mənim gördüyüm dövlətçilik və xeyriyyə işləri göz qabağındadır. Mənə qara yaxmaq istəyən şəxslər bilsinlər ki, onlar partiyadan uzaqlaşdırılacaqlar.
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB