"Müxalifət partiyalarının vahid namizəd prinsipi olmayıb"

Siyavuş Novruzov: "Heç vaxt da olmayacaq"
"Müxalifət partiyalarının vahid namizəd prinsipi olmayıb"

"Bu cür iddialar etməkdə bunların məqsədi əslində diqqəti cəlb etməkdir", - bunu YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. YAP rəsmisinin sözlərinə görə, həmin müxalifət partiyaları diqqəti cəlb etmək istəyirlər ki, guya ümumilikdə belə bir addım atırlar.

"Bu səpkidə bir neçə görüş keçirsələr də, partiyaların hamısı orada iştirak etməyib. Ümumilikdə onların məqsədi yay vaxtı diqqəti cəlb etməkdir", - Novruzov deyib.

Müxalifətin vahid namizəd məsələsinə toxunan YAP sözçüsü onların vahid namizəd prinsipi olmadığını deyib: "Mən həmişə demişəm ki, o partiyaların vahid namizəd prinsipi olmayıb, heç vaxt da olmayacaq".

Qeyd edək ki, son vaxtlarda müxalifət partiyaları səkkizlik, onluq formatında görüşlər keçirərək müxalifətin vahid komanda altında birləşməsinin zəruriliyini vurğulayıblar.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə Trend-ə bildirib ki, on partiyanı bir araya gətirməkdə məqsəd müxalifətin güc mərkəzini yaratmaqdır.

"Biz istəyirik ki, müxalifətdə heç bir partiya bu mərkəzdən kənarda qalmasın", - Bağırzadə deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə