"Ermənilərin ağlı başında olsa..."

Bayram Səfərov: “Suriyalı ermənilərin Dağlıq Qarabağa yerləşdirilməsi o qədər də inandırıcı görünmür”
"Ermənilərin ağlı başında olsa..."

"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərovun Səs TV-yə müsahibəsi

- Bayram müəllim, Suriyada daha da şiddətlənən vətəndaş müharibəsi ölkədəki bütün etnik və dini zəmində münasibətləri zədələyib, böyük sarsıntılar əmələ gəlib. Bu gərginlikdən qaçan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə, xüsusilə Dağıq Qarabağa yerləşdirilməsi məsələsi gündəmə gəlib. Bu köç gələcəkdə Azərbaycan üçün hansı problemlər yarada bilər?

- Azərbaycan dövlətinin razılığı olmadan hər hansı bir xarici ölkənin vətəndaşı gəlib torpağımızda məskunlaşa və ya vətəndaşlıq ala bilməz. Bütün dünya, nüfuzlu beynəlxalq təşkilatlar hər zaman Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyib. Cənab prezidentimiz İlham Əliyev hər dəfə mötəbər kürsülərdən etdiyi çıxışlarında dəfələrlə vurğulayıb ki, "Biz imkan verə bilmərik ki, Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaradılsın".

O ki, qaldı suriyalı ermənilərin Dağlıq Qarabağa yerləşdirilməsinə, bu o qədər də inandırıcı görünmür. Birincisi onlar o qədər axmaq olmalıdırlar ki, gəlib mənim tarixi vətənimdə, torpağımda məskunlaşsınlar. Ermənilər yaxşı bilirlər ki, biz mütləq öz torpaqlarımıza qayıdacağıq.

- Ola bilərmi ki, suriyalı qaçqınları yalan vədlərlə oraya köçürsünlər?

- Bu həmişə olduğu kimi erməni tərəfinin növbəti təxribatıdır. Ola bilər şirin, yalan vədlərə inanıb gəlib orada məskunlaşsınlar, ancaq bu müvəqqəti olacaq. Birinci, Dağlıq Qarabağın iqlimi qışda sərt olur. İsti ölkədən gəlib, bu iqlimə adaptasiya olmaq çox çətindir. Bölgədə heç bir infrastruktur, zavod, fabrik yoxdur. Ümumiyyətlə, iqtisadiyyat deyilən bir şey mövcud deyil. Gələn insanlar burada hansı işlə məşğul olacaqlar? Onları işlə və ya ərzaqla təmin etmək üçünsə Ermənistanın özünün büdcəsi bərbad haldadır. Burada o erməni məskunlaşa bilər ki, ya cinayətkardır, nədənsə, kimdənsə yayınır. İnanmıram ki, milliyyətindən asılı olmayaraq ağlı başında olan hər hansı bir insan başqasının torpağında icazəsiz məskunlaşsın.

- Nəyə görə beynəlxalq təşkilatlar, yaxud ATƏT-in Minsk qrupunun həmsədr ölkələri qaçqın ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi faktına etirazlarını bildirmirlər?

- Əvvəla onu deyim ki, müstəqil Ermənistan Respublikasının mövcudluğu insanlarda şübhə doğurur. Mənə görə, belə bir dövlət yalnız kağız üzərində mövcuddur. Həqiqətdə isə Ermənistan Rusiyanın əyalətlərindən biridir. Ermənistanın özünün dəmir yolları fəaliyyət göstərməsə də, bu ölkədə Rusiya Dəmir Yollarının nümayəndəliyi mövcuddur. Digər mühüm obyektləri, iri müəssisələri demək olar ki, Rusiyanın özəl əmlakıdır. Ona görə də həmsədr ölkə kimi bu məsələyə Rusiyanın səssiz qalması məni təəccüblü gəlmir.

Bir daha deyirəm bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycanın da prezidenti, Ali baş komandanı İlham Əliyevdir. Yalnız cənab prezidentin verdiyi qərardan sonra kimlərsə orada məskunlaşa bilərlər. Ola bilər göstəriş məqsədilə 5-10 ailə müvəqqəti olaraq burada yerləşdirilsin, amma bütün dünyaya məlumdur ki, bu torpaqlar Azərbaycan xalqına məxsusdur. Burada məskunlaşmaq isə yalnız xalqın, onun rəhbərinin icazəsi ilə mümkündür. Çünki beynəlxalq qanunlar var.

- ATƏT Parlament Assambleyasının iyulun 18-də Monakoda keçirilən sessiyasında icmalararası görüş nəzərdə tutulmuşdu. Deyəsən ermənilər bu qərarın da kağız üzərində qalmasında maraqlıdırlar?

- Biz həmişə Qarabağın erməni icması ilə görüşün tərəfdarı olmuşuq. Onların bundan yayınmasına gəldikdə, hazırkı Ermənistan rəhbərliyi sülh danışıqlarının, icmalar arasındakı görüşlərin əleyhinədir. Orada yaşayan ermənilərin vəziyyəti isə olduqca ağırdır. Hətta hər hansı bir üçüncü ölkədə keçirilən görüşə gəlmək üçün maliyyə vəsaiti tapa bilmirlər. Bu bir tərəfi, digər məqam isə ondan ibarətdir ki, nəinki Dağlıq Qarabağda, hətta Ermənistanın özündə belə insan haqları demək olar ki, yox dərəcəsindədir. Rəsmi Yerevan Qarabağda yaşayan insanlara təkcə insan hüquqları baxımından deyil, ümumiyyətlə, istənilən hər hansı bir sahədə şərait yaratmırlar. Məhz bu səbəblərdən bizim görüşlərimiz baş tutmur. Amma, güman edirəm ki, onların da içərisində də ağıllı adamlar az da olsa var. Hansı ki, onlar nə vaxtsa Azərbaycanda yaşayıb, çörəyini yeyiblər. Onlar bizə, Azərbaycan xalqının inkişafına, gözəl, firavan həyatına baxıb qibtə edirlər. Ölkəmiz bu gün dünyanın inkişaf etmiş ölkələri ilə birgə addımlayır. Baxmayaraq ki, 20 illik bir müstəqillik tariximiz var. Bu gün nəinki Azərbaycanda, onun işğal edilmiş ərazilərində, hətta regionda ölkəmiz razılığı olmadan hər hansı bir layihənin gerçəkləşdirilməsi mümkün deyil. Yəqin ki, ermənilərin arasında Azərbaycanın gücünü, qüdrətini dərk edən, görən insanlar var.

Bütün xəbərlər Facebook səhifəmizdə