Əli Həsənov: "Bizim istədiyimiz dünya azərbaycanlılarının birliyinə nail olmaqdır" AÇIQLAMA

Əli Həsənov: "Bizim istədiyimiz dünya azərbaycanlılarının birliyinə nail olmaqdır" AÇIQLAMA

Mürəkkəb qlobal siyasi və iqtisadi proseslərin cərəyan etdiyi müasir dünyada Azərbaycanın milli maraqlarının qorunmasında diaspor təşkilatlarının da üzərinə böyük vəzifələr düşür. SİA-nın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, bunu avqustun 7-də Türkiyənin Bodrum şəhərində "Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər" mövzusunda keçirilən forumun yekun toplantısında çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi çıxışında Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımızın mənafelərini həmişə nəzərə aldığını vurğulayıb: "Bu cür tədbirlərin məqsədi xaricdə yaşayan azərbaycanlılar arasında əməkdaşlıq əlaqələrinin qurulmasına nail olmaq, soydaşlarımızın problem və qayğılarını öyrənmək, onların həlli yollarını tapmaqdan ibarətdir. Bu forum bir daha təsdiq edir ki, Azərbaycan dövləti hər bir azərbaycanlının arxasındadır, ona dayaqdır".

Ə.Həsənov forumda aparılan müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirərək, burada səslənən bütün təkliflərin qeydə alındığını, onların hər birinin araşdırılacağını bildirib. O, xaricdə təhsil alan azərbaycanlı tələbələrin diaspor təşkilatları ilə fəal əməkdaşlıq etməsinin vacib olduğunu qeyd edib.

Prezident Administrasiyasının şöbə müdiri aparılan müzakirələrin, qəbul olunmuş qərarların Azərbaycan diasporunu daha da gücləndirəcəyinə inandığını deyib: "Biz heç bir diaspor təşkilatına göstəriş verə, onların fəaliyyəti ilə bağlı qərar qəbul edə bilmərik. Biz yalnız sizə müəyyən tövsiyələr verə bilərik, qəbul etdiyiniz qərarların icrasında dəstək göstərə bilərik. Bizim istədiyimiz dünya azərbaycanlılarının birliyinə nail olmaqdır, diasporun daha güclü, daha mütəşəkkil qüvvəyə çevrilməsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə