Mübariz Qurbanlı: "Fəaliyyətimiz milli maraqlarımızla uzlaşır" AÇIQLAMA

Mübariz Qurbanlı: "Fəaliyyətimiz milli maraqlarımızla uzlaşır" AÇIQLAMA

"Azərbaycan terrorizmə qarşı fəal mübarizə aparır və bu istiqamətdə beynəlxalq koalisiyanın aktiv uzvüdür. Ölkəmizin bu fəaliyyəti beynəlxalq müstəvidə də yüksək qiymətləndirilir. ABŞ Dövlət Departamentinin hesabatında əks olunan məqamlar bu qiymətləndirməni ifadə edir". Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, 2001-ci ildə ABŞ-da baş vermiş terror hadisəsi bütövlükdə terrora qarşı mübarizəni yeni formaya keçirdi. Terrorizmin kökünün qədim olduğunu deyən M.Qurbanlı qeyd edib ki, müasir terrorizmin özünəməxsus xüsusiyyətləri var. Onun sözlərinə görə, müasir terrorizmdə texnoloji yeniliklərdən maksimum şəkildə istifadə olunur və bu da insan itkisini kütləviləşdirir.

"ABŞ dünyada böyük güc sahibi olan dövlətdir. Lakin həyat göstərdi ki, ən güclü ölkələr belə, terrordan özlərini qoruya bilmirlər. Bütövlükdə, dünyada terrora qarşı geniş, çoxşaxəli mübarizə gedir və Azərbaycan da həmin dövrdə baş verən hadisələr zamanı yaradılan anti-terror koalisiyasına daxil olub. Azərbaycanın bu koalisiyaya daxil olması təsadüfi deyil. O dövrdə Ümummilli liderimiz Heydər Əliyev dünyada gedən hadisələri dəqiq müəyyən edərək Azərbaycanın bu prosesdəki yerini və rolunu açıq şəkildə ifadə etdi. Bu gün Azərbaycan beynəlxalq anti-terror koalisiyasının fəal üzvüdür. Erməni terroruna məruz qalan ölkə kimi Azərbaycan bu problemin yaratdığı fəsadları aydın şəkildə başa düşür. Prezident İlham Əliyevin xarici siyasət xəttində terrora qarşı mübarizədə beynəlxalq əməkdaşlıq önəmli yerlərdən birini tutur. ABŞ Dövlət Departamentinin hesabatında da Azərbaycanın terrorizmə qarşı mübarizədə rolunun xüsusi qeyd edilməsi ölkəmizin tutduğu mövqenin dəyərləndirilməsidir"- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

M.Qurbanlı bildirib ki, Azərbaycanın müəyyən sayda hərbi qüvvələri Əfqanıstanda anti-terror koalisiyası çərçivəsində səmərəli fəaliyyət göstərir. Onun sözlərinə görə, ölkəmizin milli təhlükəsizlik orqanları terrorla mübarizədə xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq edir: "Biz NATO-nun terrora qarşı mübarizə ilə əlaqədar fəaliyyətində iştirak edirik, həmçinin bölgədə terroru yaradan səbəbləri aradan qaldırmaq üçün müxtəlif xarakterli tədbirlər görürük. Ona görə də, ABŞ Dövlət Departamenti dünyada terrora qarşı mübarizə ilə əlaqədar hesabatını yayarkən Azərbaycan dövlətinin bu məsələ ilə bağlı fəaliyyətini çox yüksək dəyərləndərib. Azərbaycan hazırda da bu yöndə geniş fəaliyyət göstərir və hesab edirəm ki, bizim bu fəaliyyətimiz milli maraqlarımızla uzlaşır".

Bütün xəbərlər Facebook səhifəmizdə