Qüdrət Həsənquliyev: "Rüstəm İbrahimbəyov vicdanının səsi ilə danışmır"

Qüdrət Həsənquliyev: "Rüstəm İbrahimbəyov vicdanının səsi ilə danışmır"

"Rüstəm İbrahimbəyovun hakimiyyətə qarşı başladığı tənqidi kampaniya onun mülklərini, biznesini qoruma davasıdır". Bu fikri BAXCP sədri Qüdrət Həsənquliyev SİA-ya verdiyi açıqlamasında bildirib.

Partiya sədrinin qeyd etdiyinə görə, zamanında R.İbrahimbəyovun "Kino Evi" üçün yer də ayrılmışdı, ona hakimiyyət tərəfindən kifayət qədər diqqət də, hörmət də göstərilirdi, eyni zamanda, qardaşı da millət vəkilidir. Ancaq bütün bunlara baxmayaraq, bu adam vicdanının səsi ilə danışmır: "Heç onu da düşünmürəm ki, Rüstəm İbrahimbəyov bu gün vicdanının səsi ilə danışır. Hesab edirəm ki, belə danışmağı ona Rusiyadakı bəzi vəzifəli dostları məsləhət görüblər".

İqtidar mətbuatının R.İbrahimbəyovu tənqid etməsinə də münasibət bildirən müxalifət partiyasının sədri bunu təbii qəbul etdiyini deyib. Belə ki, onun fikrincə əgər R.İbrahimbəyov əlində heç bir əsası olmadan iqtidara qarşı çıxırsa, tənqid edirsə, demək qarşı tərəfin cavabını da almalıdır: "Kimsə düşünürsə ki, vaxtilə Rüstəm İbrahimbəyov yüksək qiymətləndirildiyi üçün indi o istədiyini danışa bilər, məncə, bu səhv yanaşmadır".

BAXCP sədri İbrahimbəyovun bu günə qədər Qarabağ həqiqətləri barədə bir dənə də olsun film çəkmədiyini bildirərək qeyd edib ki, əslində onun bunu etməməsi şübhələr yaradır: "Onu şübhə altına almaq olar ki, məsələn, ölkənin ağır problemi olan Dağlıq Qarabağ problemi barədə rejissor niyə öz imkanlarından istifadə edib bir sənət əsəri yaratmayıb? Ya da hansısa ictimai-siyasi hadisəyə vətəndaş, ziyalı mövqeyini ortaya qoymayıb".

"Rüstəm İbrahimbəyov bu gün siyasətlə məşğul olur, birbaşa Kinomatoqrafçılar İttifaqından siyasi məqsədlər üçün faydalanır, manipulyasiya edir və s. ittihamlar da səslənir" -deyən Q.Həsənquliyev əlavə edib ki, Azərbaycanda nə qədər yaradıcılıq ittifaqları, təşkilatları varsa onların əksəriyyəti indiki iqtidarın siyasətini dəstəkləyir.

RÖVŞƏN RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə