"Müasir Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısı ilə əhatə olunub"
Bu mövzuda "SƏS" qəzetində dəyirmi masa keçirildi
Bu gün "Səs" qəzetinin redaksiyasında "Azərbaycan gəncliyinə dövlətin diqqət və qayğısı" mövzusunda dəyirmi masa keçirilib. Ənənəvi keçirilən dəyirmi masada gənclərin cəmiyyətdə roluna diqqət yetirilib. Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin əməkdaşı Babək Hacıyev bildirib ki, bugünkü Azərbaycan gəncliyinin təməl prinsipləri Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Yeni mərhələdə bu siyasi kursa uyğun olaraq gəncliyin inkişafı üçün bütün fundamental addımlar atılır.
Daha sonra dəyirmi masada iştirak edən gənc fəallardan YAP GB-nin sədr müavini Aygün Əliyeva, YAP Xəzər rayon GB-nin sədr müavini Orxan Həsənli, YAP Yasamal rayon GB-nin üzvü Yusif Hacıyev, YAP Nəsimi rayon təşkilatının üzvü Arzu Yaqubova, YAP Sabunçu rayon təşkilatının üzvləri Anar Baxşıyev, Qalib İbrahimli, YAP Nərimanov rayon təşkilatının üzvü Rəşad Sadıqov və YAP Suraxanı rayon təşkilatının üzvü Mehman Əmirov çıxış ediblər.
"Səs" qəzetinin əməkdaşı:
- Aygün xanım, Yeni Azərbaycan Partiyasının gəncləri "Yay məktəbləri" layihəsinin sonunda ölkə Prezidenti İlham Əliyevə müraciət ünvanladılar. Bu müraciət hansı zərurətdən irəli gəldi?
Aygün Əliyeva:
- "Yay məktəbləri" dünya təcrübəsində gənclər üçün ən uğurlu layihələrdən biridir. Yeni Azərbaycan Partiyası 2007-ci ildən bu layihəni öz təcrübəsində tətbiq edir və hər il yüzlərlə gənc Azərbaycanın müxtəlif regionlarına toplaşaraq, həm istirahət edirlər, həm də müxtəlif mövzularda fikir mübadiləsi aparırlar. Eyni zamanda, bu layihə çərçivəsində gənclər arasında səmimi münasibət yaranır və onlar dostlaşırlar. "Yay məktəbləri" layihəsi çərçivəsində gənclər öz aralarında diskussiyalar təşkil edir, fikir mübadiləsi aparır ki, belə hallar da gənclərin gələcəyi üçün çox önəmlidir. "Yay məktəbləri" gənclərə çox şeylər verdi. Xüsusilə, paytaxt gəncləri ilə region gəncləri arasında fikir mübadiləsi aparıldı. Bir-birlərini tanımayan gənclər, nəinki münasibət yaratdılar, hətta onlar dost oldular, dostlar qazandılar. YAP-ın ətrafında olan bütün gənclər "Yay məktəbləri" layihəsini sevinclə qarşılayır və qeyd edirlər ki, gənclərin vaxtlarının səmərəli keçirilməsi üçün dövlətin diqqət və qayğısı var. Bütün bunların fonunda sonuncu dəfə Oğuz rayonunda "Yay məktəbləri" layihəsi çərçivəsində gənclər təşəbbüs göstərdilər ki, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına Müraciət ünvanlasınlar. Bu, bütövlükdə, Yeni Azərbaycan Partiyasının ətrafında birləşən gənclərin müraciəti idi. Müraciəti ünvanlamaqda əsas məqsədimiz ölkə başısına minnətdarlığımızdır, İlham Əliyev cənablarının ətrafında sıx birləşdiyimizin və hər zaman ona dəstək verəcəyimizin göstəricisidir. Bu gün ölkədə gedən sürətli inkişaf, bütün sahələrə ayrılan diqqət və qayğı gənclərdən də yan keçmir. İstər qəbul olunan dövlət proqramları, istərsə də gənclərlə bağlı həyata keçirilən müxtəlif layihələr Azərbaycan gəncliyinin sağlam gələcəyinə hesablanıb. Biz ölkədə gənclikdən danışarkən, ilk öncə, Ulu Öndər Heydər Əliyevin gənclərin gələcəyinə hesablanmış addımlarını qeyd etməliyik. Yeni mərhələdə bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısını vurğulamalıyıq. Ümumilikdə, ölkədə gənclərlə bağlı atılan addımlar, onu deməyə əsas verir ki, ölkədə gənclik inkişaf edir.
Biz gənclər 2013-cü ildə də yenidən İlham Əliyevi Prezident kürsündə görmək istəyirik.
- Qarşıdakı illərdə də "Yay məktəbləri" layihəsi davam olunacaq. Bununla bağlı hansı təklifləriniz var?
Yusif Hacıyev:
- İlk öncə, "Səs" qəzetinin kollektivinə təşəkkürümü bildirirəm ki, "Yay məktəbləri"nin iştirakçılarını bir araya toplayıb, onların fikirlərini öyrənirsiniz. Mən "Yay məktəbləri"nin iştirakçısı kimi qeyd edim ki, bu gənclərə diqqətdir və verilən yüksək qiymətdir. Bu layihə çərçivəsində biz region gəncləri ilə görüşdük. Əslində, paytaxt gəncləri ilə region gəncləri arasında müəyyən fərq var. Amma görüşlərdə, diskussiyalarda məlum oldu ki, Yeni Azərbaycan Partiyasının region gəncləri heç də paytaxt gənclərindən geridə qalmır. Onlarla müxtəlif mövzularda fikir mübadiləsi apardıq. Bu müzakirələr, diskussiyalar arada olan bağlılığı daha da möhkəmləndirdi. Bizim iştirak etdiyimiz "Yay məktəbi"nə Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov da gəlmişdi və orda gənclərlə görüşdü və qarşılıqlı fikir mübadiləsi aparıldı. Orada "Yay məktəbləri"nə seçimin onlayn olmasını təklif etdim. Bu gün də bu təkliflə çıxış etmək istərdim ki, "Yay məktəbləri"nə seçim onlayn olsun. Daha sonra təklif edərdim ki, "Yay məktəbləri"ndə iştirak edən gənclərin sayı daha çox olsun.
Mehman Əmirov:
- Təşəkkür edirik ki, bizi bu dəyirmi masaya dəvət etmisiniz. Əlbəttə, biz gənclər Yeni Azərbaycan Partiyasının sıralarında olmağımızla fəxr edirik. Düşünürəm ki, bu gün hər bir Azərbaycan gənci YAP-ın sıralarına qoşulmalıdır. Çünki hər hansı bir gənc gələcəyini uğurlu görmək istəyirsə, bu addımı atmalıdır. Ona görə ki, ölkədə gənclərə dövlətin xüsusi diqqət və qayğısı var. Ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar sayəsində bu təbəqə artıq cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. "Yay məktəbi" layihəsi bizim üçün çox önəmli idi. Həm istirahət baxımdan, həm də gənclərlə müxtəlif mövzularda fikir mübadiləsi apardıq.
Orxan Həsənli:
- Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Ölkədə gənclərə yaradılan imkanlar gəncliyin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış çoxlu uğurlu nəticələr də təsdiqləyir. Xüsusilə, idman sahəsini qeyd etmək istərdim. Ölkəmizdə beynəlxalq səviyyəli yarışların təşkil olunması, idmançılarımızın hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında iştirak etməsi və uğur qazanması da gəncliyin inkişafının göstəricisidir.
Qalib İbrahimli:
- Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. 6 aprel 2011-ci il tarixində Prezident İlham Əliyev tərəfindən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında Sərəncam imzalanması göstərdi ki, həqiqətən, ölkədə gənclərin gələcəyi üçün addımlar atılır. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb. Hansı tərəfdən yanaşsaq, ölkədə gəncliyin inkişafını qeyd edə bilərik. Bizim üzərimizə düşən vəzifə isə göstərilə etimadı doğrultmaqdır. Bunun üçün çalışmalıyıq, yaxşı təhsil almalıyıq, dövlətimiz üçün layiqli vətəndaş olmalıyıq. Yeni Azərbaycan Partiyasının ətrafında olan gənclər buna çalışır.
Arzu Yaqubova:
- Ölkədə 2007-ci ilin "Gənclər ili" elan edilməsi də gənclərə dövlət qayğısının ən böyük təcəssümü idi. "Gənclər ili"ndə həyata keçirilən bütün tədbirlər gənclərimizin cəmiyyət həyatında fəallığının artırılmasına ciddi təkan verdi. Ümumiyyətlə, gənclər siyasətinin ən vacib istiqamətlərindən biri də elm və təhsillə bağlıdır. Son illərdə respublikamızın əksər regionlarında müasir standartlara tam cavab verən məktəblər tikilib istifadəyə verilib, orta və ali təhsil ocaqları müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Hər il ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələr Prezident təqaüdü ilə mükafatlandırılır. Bütövlükdə, gənclərə yaradılan imkanlardan kifayət qədər danışmaq olar. Xüsusilə, ölkə başçısının Fərmanı ilə təsdiqlənən "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)" gənclərin xaricdə təhsili üçün geniş imkanların yaradılmasını da qeyd etməliyik.
Anar Baxşıyev:
- Dəyirmi masanı təşkil edənlərə öz minnətdarlığımı bildirirəm ki, fikirlərimizi bölüşmək üçün biz gənclərə imkanlar yaradırsınız. Mən Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Yay məktəbləri" layihəsində iştirak etdiyim üçün sevinirəm. İlk öncə, ona görə sevinirəm və fəxr edirəm ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Biz gənclər ona görə razılıq ifadə edirik ki, gənclərə dövlət xususi diqqət və qayğı göstərir. Gənclərin seçkili orqanlarda iştirakını və seçimini də qeyd etmək lazımdır. Gənclərə bütün sahələrdə üstünlük verilir. Yeni Azərbaycan Partiyasının ətrafında olan gənclər bilikli, intellektual səviyyəyə malik gənclərdir. Təklif edərdim ki, "Yay məktəbləri" layihəsi tək Azərbaycanda deyil, Azərbaycanın hüdudlarından kənarda da təşkil olunsun. Region gəncləri ilə bağlı müxtəlif ölkələri təmsil edən gənclərlə görüşlər təşkil olunsun, diskussiyalar aparılsın.
Rəşad Sadıqov:
- Haqlı olaraq, qeyd olundu ki, Yeni Azərbaycan Partiyasının ətrafındakı gənclər intellektual səviyyəyə malikdir. Həqiqətən, "Yay məktəbləri" çərçivəsində diskussiyalar zamanı, məlum oldu ki, ölkədəki gənclərin potensialı ildən-ilə artır. Bunun səbəbi dövlətin diqqət və qayğısı və bu sahənin inkişafına yönəldilmiş ardıcıl addımların atılmasıdır. Təklif edərdim ki, növbəti "Yay məktəbləri"nə orta məktəb şagirdləri də cəlb olunsun. Çünki onlarda gələcəyin tələbələridir. Onlar da bu siyasi kursda təmsil olunmalı və öz parlaq gələcəklərini indidən müəyyən etməlidirlər.
Babək Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB