Rəcəb Tayyib Ərdoğan hakimiyyətinin daimi tənqid hədəfinə çevrilmiş Suriya prezidenti Bəşər Əsədin Türkiyəni çətin vəziyyətdə qoyduğu bildirilir. Türkiyənin kütləvi informasiya vasitələrinin məlumatına görə, Əsəd xüsusi xidmət orqanlarına PKK-ya silah paylamaq göstərişi verib. Silahın konkret olaraq terrorçu təşkilatın Suriya qanadı sayılan PYD üzvlərinə paylandığı deyilir.
Türkiyənin "Milliyət" qəzeti İranın "Rulav" qəzetinə istinadən bildirir ki, PYD Suriya qoşunlarının kürd yüksəkliklərindən çıxacağı ilə bağlı öncədən məlumatlandırılıb və ərazi tərk edilən kimi kürdlər nəzarəti ələ alıblar.
Bildirildiyinə görə, İraq Kürdüstanının rəhbəri Məsud Bərzani də PKK və PYD ilə Suriyanın şimalında Qərbi Kürdüstanın yaradılmasına dair razılığa gəlib. Bir şərtlə ki, dövlət institutları üzərində kürd bayrağı dalğalansın. Bu sazişin qorunması müqabilində Bərzaninin maliyyə və siyasi dəstək vəd etdiyi də önə çəkilir.
"Milliyyət" həmçinin yazıb ki, PYD ilə Bəşər Əsədə qarşı çıxan Azad Suriya Ordusu arasında da anlaşma əldə olunub. Anlaşmaya görə, kürdlər ərəb torpaqlarını tutmayacaq, ASO da kürdlərin məskunlaşdıqları ərazilərə doğru irəliləməyəcək.
B.Əsədin Türkiyə ilə həmsərhəd ərazilərin kürdlərə verməsi ilə bağlı qərarının Türkiyənin hakim dairələrində ciddi narazılıqlar doğurduğu məlumdur. Hazırda bölgədə Ankaranın heç planlaşdırmadığı oyunların getdiyi - Suriya ilə sərhəddə İraqdakı muxtariyyətdən sonra ikinci kürd dövlət qurumunun yaradılması istiqamətində proseslərin vüsət aldığı vurğulanır. Bu, Əsədin daim ona təzyiq göstərən Türkiyəyə qarşı əks addımı kimi dəyərləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB