22 İyul – Azərbaycan Milli Mətbuatının yaranma günüdür

22 İyul – Azərbaycan Milli Mətbuatının yaranma günüdür

Bu gün Azərbaycan Milli Mətbuatının yaranma günüdür. SİA-nın verdiyi məlumata görə, düz 137 il öncə – 22 iyul tarixində Azərbaycan Milli Mətbuatının ilk qaranquşu sayılan "Əkinçi" qəzeti işıq üzü görüb.

Qəzetin yaradıcısı və baş mühərriri isə Azərbaycan xalqının tanınmış simalarından olan böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi olub. Qəzetin fəaliyyəti uzun çəkməsə də, o, Azərbaycan Milli Mətbuatının, Azərbaycan xalqının tarixində, onun maariflənməsində böyük rol oynayıb.


Bu qəzetdən sonra estafeti Azərbaycan xalqının digər maarifçi ziyalıları tərəfindən əsası qoyulan "Molla Nəsrəddin" jurnalı, "Şərqi-rus", "Kaspi", "Açıq söz", "Həyat", "Azərbaycan" qəzetləri, "Füyuzat", "Yeni Füyuzat" dərgiləri və digərləri davam etdirib.


Ümumiyyətlə, Azərbaycan mətbuatının keçdiyi 137 illik yol keşməkeşli, əziyyətli, lakin şərəfli olub. Ötən bu illər ərzində Azərbaycan mətbuatının bəzi nümayəndələri Azərbaycanın müstəqilliyi, vətən torpaqları yolunda, 24 ildən bəri davam edən Qarabağ savaşında canlarını fəda edib, şəhid olub, Milli Qəhrəman adına layiq görülüblər.


Onu da qeyd edək ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdə ölkədə mətbuat azadlığının təmin olunması istiqamətində bir sıra addımlar atılıb.


1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə ölkədə senzura tam ləğv olundu. Yəni, "Kütləvi informasiya vasitələri haqqında" qanun qəbul edilib, Mətbuat Şurası formalaşdırılıb, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.


Eyni zamanda qeyd edək ki, hazırda ölkədə 500-dən artıq mətbuat orqanı fəaliyyət göstərir ki, onların da 100-ə yaxını gündəlik nəşrlərdir.


Bu gün əlamətdar gün münasibətilə bir qrup media təmsilçisi Fəxri Xiyabana gələrək öncə müstəqil mətbuatımızın inkişafında müstəsna xidmətləri olan ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çələng qoyublar.

Sonra isə qəzet redaktorları, media rəhbərləri və jurnalistlər Fəxri xiyabanda Həsən bəy Zərdabinin qəbrini ziyarət edib, böyük mütəfəkkirin ruhunu etiramla yad ediblər.


Biz də \"Səs Holdinq adından həmkarlarımızı təbrik edir, bu çətin peşə yollarında mətinlik, dözüm və iradə arzulayırıq.


\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə