Radoslav Sikorski: \"Polşa qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır\" - MÖVQE

Radoslav Sikorski: \"Polşa qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır\" - MÖVQE

Bu gün Xarici İşlər Nazirliyində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşanın ölkəmizdə səfərdə olan xarici işlər naziri Radoslav Sikorskini qəbul edib. SİA-nın məlumatına görə, ikitərəfli görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edən E.Məmmədyarov ölkələrarası münasibətdən danışıb.

Nazir həmkarı ilə görüşündə ölkələrarası münasibətdən, enerji sahəsindəki əlaqələrdən və Dağlıq Qarabağ münaqişəsindən danışıb. Bununla yanaşı, tərəflər viza rejimi ilə bağlı məsələyə də toxunublar. Belə ki, nazirlər \"Şərq tərəfdaşlığı proqramı\"na uyğun olaraq ölkələr arasındakı viza rejiminin sadələşdirilməsini, sonrakı mərhələdə isə ləğvi məsələsini müzakirə ediblər.

Polşalı nazir də öz növbəsində qeyd edib ki, ölkəsinin mühəndis və memarları Azərbaycanda çox uğurlu fəaliyyət göstərirlər.

Nazir həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunub. O bildirib ki, Polşa Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmamasından narahatdır: "Polşa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımır. Ermənistan və Azərbaycan arasında 20 ildir davam edən münaqişə həll olunmalıdır və Dağlıq Qarabağın yekun statusu müəyyənləşməlidir".

Jurnalistlərin sabah Azərbaycanın işğal altında olan ərazilərində keçiriləcək qondarma "prezident seçkiləri" ilə bağlı sualını cavablandıran Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, bu fakt münaqişənin sülh yolu ilə nizamlanması prosesinə uyğunsuzluq təşkil edir və erməni tərəfinin qeyri-konstruktiv mövqeyini nümayiş etdirir.

Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə