Cümşüd Nuriyev: “Trabzon limanının erməni yükünü qəbul etmək cəhdi növbəti təxribatdır” - AÇIQLAMA

Cümşüd Nuriyev: “Trabzon limanının erməni yükünü qəbul etmək cəhdi növbəti təxribatdır” - AÇIQLAMA

\"Trabzon limanı erməni yüklərinə xidmət göstərməyə hazırdır\". Bu fikirləri Trabzon limanının direktoru Müzəffər Ermiş bildirib. SİA-nın Türkiyə saytlarına istinadən yaydığı xəbərə görə, liman rəhbəri qeyd edib ki, hökumət razılıq versə Trabzon limanı həm Ermənistana, həm də oradan Türkiyəyə yük daşımaq üçün bütün zəruri resurslardan istifadə edər.

Müzəffər Ermiş həmçinin əlavə edib ki, Ermənistan hazırda 7,5 milyard dollarlıq ixracını və idxalını Gürcüstanın Poti limanı vasitəsilə gerçəkləşdirir: \"Potiyə dəmir yolu xətti var. Amma çox zəif işləyir. İrəvandan Trabzona isə günün istənilən vaxtı getmək mümkündür. Trabzondan sərhəddəki Əlicana, oradan isə Yerevana cəmi 30 kilometrdir. Bizim limanımız bu işi görməyə hazırdır\".

Qeyd edək ki, Türkiyə hökuməti dəfələrlə bəyan edib ki, Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələri çıxarılmadığı təqdirdə Ermənistanla heç bir iqtisadi əlaqə qurulmayacaq. Ancaq zaman-zaman Türkiyə tərəfindən bu tipli fikirlər səslənir. Politoloq Cümşüd Nuriyev isə bildirib ki, son 2-3 ildə Ermənistanın xarici ticarət balansının Türkiyə ilə olan hissəsində üstünlük nəzərə çarpır. Yəni Türkiyənin Hopa şəhərindən keçirilən mallar Gürcüstan üzərindən Ermənistana gətirilir: \"Türkiyənin Ermənistanla xarici ticarətdəki payı 5 ildə 25 faizə çatıb. Zaman-zaman Türkiyədə Ermənistanla sərhədlərin açılmasına dair fikirlər səslənir\".

Cümşüd Nuriyevin sözlərinə görə, Türkiyə dövləti yanlış bir siyasət həyata keçirir. Kürd problemindən sonra Trabzon bölgəsində laz dilində məktəblərin açılması fikri gündəmə gəlib: \"Bunlar islamı qəbul edən acarlardır. Amma bunların içərisində islamı qəbul edən ermənilər də var. Onlar Azərbaycanın əlehinə olan armaşenlərdir. Zaman-zaman Azərbaycana qarşı əks mövqedə olublar. Baxmayaraq ki, müsəlman erməniləridir. Trabzon limanının rəhbəri barədə araşdırma aparmaq lazımdır, ola bilsin, o da müsəlman dinini qəbul etmiş ermənidir. Çünki oradakılar əsasən ermənilərlə münasibət qurmağa çalışan armaşenlərdir. Bu armaşenlərin bariz nümayəndəsi Turgut Ərdir ki, zaman-zaman Azərbaycanın və mərhum prezident Heydər Əliyevin əlehinə materiallar dərc edir. Trabzon limanının da arxasında məhz bu siyasət durur. Yəni bu nə Türkiyənin, nə də iqtidar partiyasının siyasətidir. Amma bu, Türkiyə siyasətinin buraxdığı ağır səhvin nəticəsidir ki, bu gün də özünü açıq şəkildə göstərir. Yəni Türkiyə cəmiyyəti açıq demokratiyaya kifayət qədər hazır olmadığı üçün birdən-birə demokratik açılımı etmək separatizmi gücləndirə bilər\".

Politoloqun fikirincə, Trabzon limanının erməni yükünü qəbul etmək cəhdi növbəti təxribatdır. Azərbaycan Türkiyə münasibətləri yaxşılaşdığına görə, xüsusilə TANAP layihəsindən sonra bəzi qüvvələr iki ölkə arasında münasibətləri pozmağa çalışırlar. Bu tip məsələlərə ciddi reaksiya verməyə ehtiyac yoxdur.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə