Hikmət Babaoğlu: “Mətbuatın inkişafı üçün təkcə dövlət qayğısı kifayət deyil” - MÜSAHİBƏ
Bir müddət öncə Mətbuat Şurasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun Azərbaycanın aparıcı qəzetlərinin rəhbərlərinin görüşü keçirilib. Görüşdə mətbuat yayımı ilə yanaşı, mətbuatın maliyyə problemlərinə, əsasən reklam və ondan gələn gəlirlər, abunə və qəzetin satışının təşkili, mətbuat və dövlət münasibətlərini gələcək prespektivləri kimi məsələlər müzakirə olunub. SəsTV görüş zamanı müzakirə olunan məsələlər barəsində fikirlərini öyrənmək üçün "Yeni Azərbaycan" qəzetini baş redaktoru Hikmət Babaoğlunu studiyaya dəvət edib.
- Görüşdə sizdə iştirak edirdiniz, müzakirə olunan məsələlərə münasibətiniz necədir?
- Prezident Administratsiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun qəzet rəhbərləri ilə görüşü dövlətimizin mətbuatın inkişafına göstərdiyi qayğının təzahürü kimi qiymətləndirilməlidir. Azərbaycan mətbuatı tarixinin qızıl dövrünü yaşamasına səbəb isə məhz dövlətin himayəsində olmasıdır. Azərbaycan mətbuatının inkişafı üçün hüquqi platforma və onun inkişafının sürətləndirən söz, mətbuat və düşüncə azadlığı hələ 1995-cı ildə qəbul edilmiş Konsititutsiya səviyyəsində təsdiq olunub. Mətbuatın inkişafı üçün dövlət tərəfindən xüsusi atmosfer yaradılıb ki, mətbuat özü-özünü tənzimləyən bir institut olmaqla yanaşı, həm də öz inkişafını təmin etsin. Mətbuatın inkişafı üçün təkcə bu qayğı kifayət deyil, çünki, mətbuatın inkişafı cəmiyyətin inkişafı ilə əlaqəlidir. Eyni zamanda mətbuatın intelektual göstəriciləri cəmiyyətin intelektual göstəriciləri ilə əlaqəli olmasına əsas səbəb isə, bu sferanı təşkil edən ayrı-ayrı jurnalistlər hər nə qədər məxsusi peşə sahibi, funksional şəxslər olsalar da, bütövlükdə onlar, onları yetişdirən cəmiyyətə aiddirlər. Cənab Əli Həsənov qəzetlərin baş redaktorları ilə görüşü zamanı bütün bu sadalananları vurğulamaqla yanaşı əsas diqqəti mətbuatın maliyyə, sosial və iqtisadi problemlərinin həll olunmasına yönəltdi. Görüşdə mətbuat yayımı ilə bağlı olan məsələlər, mətbuatın maliyyə problemləri, əsasən reklam və ondan gələn gəlirlər, abunə və qəzetin satışının təşkili, mətbuat və dövlət münasibətlərini gələcək prespektivləri kimi məsələlər müzakirə olundu. Cənab Əli Həsənov bu məsələlərə olduqca böyük qayğı ilə yanaşaraq, qaldırılan bütün məsələlərə münasibət bildirərək, problemlərin həlli ilə bağlı məsələ qaldırılacağını söylədi.
- Kütləvi İnformasiya vasitələrinin, o cümlədən, kifayət qədər nüfuza malik olan, sizin redaktoru olduğunuz "Yeni Azərbaycan" qəzetinin reklamla bağlı problemləri var. Bu problemlərin aradan qaldırılması istiqamətində hansı işlər görülməlidir?
- Heç şüphəsiz ki, çap mediasının reklam problemləri daha böyükdür, bunun səbəbləri isə olduqca fərqlidir. Azərbaycan çap mediasının nümayəndələri bu problemlərin həllinə inzibati yollarla nail olmaq istəsələr də mən bunu düzgün olmadığını düşürəm. Bu prosesin öz-özünə formalaşan və təkmilləşən bir proses olması düşüncəsi daha düzgündür, yəni inzibati metodlarla əldə edilən hər hansı bir nailiyyət uzunömürlü və arzu-olunan səviyyədə olmur. Əlbəttə, "Yeni Azərbaycan" qəzeti də çap mediasında mövcud olan reklam problemləri ilə əhatələnib. Reklam bazarının dövriyyəsi kifayət qədər məhdud olmaqla yanaşı, həmin dövriyyənin 90 faizi televiziya kanallarının və agentliklərin kassasına gedir. Bütün bunlara əsasən də çap mediası bütövlükdə əldə olunan gəlirlərindən kənarda qalır. Reklamın təşkili məsələsi Azərbaycan iqtisadiyyatında bazarın təşkili ilə əlaqəli olan məsələdir. Çox təəssüf ki, bu günə qədər yeni iqtisadi əsaslarla formalaşan ayrı-ayrı hüquqi və fiziki şəxslərin biznesmen təfəkkürü və marketinqi mənimsəmə səviyyəsi arzu olunan səviyyədə deyildir. Buna görə, hesab edirəm ki, bu gün fəaliyyət göstərən sahibkarların istehlakçıya və istehsalçıya münasibətində düşüncəsi dəyişməlidir. Sahibkar reklamın onun gəlirlərini artıran vasitə olduğunu və əlavə bir yük olmadığını dərk etməlidir. Azərbaycan istehlakçısı isə öz növbəsində qəzetdə hər hansı bir materialı dərc edib reklam edərkən yeni təfəkkürü mənimsəyərək, materialların keyfiyyətli olmasına çalışmalıdır. Təəssüf ki, biz buna hələ də nail ola bilməmişik.
- Sizin də qeyd etdiyiniz kimi reklamların əksəriyyəti əsasən televiziya və elektron KİV-ə verilir. Ola bilərmi ki, sahibkar televiziyaların daha çevik təqdimatını düşünərək qəzetlərə reklam verməsin?
- Hesab edirəm ki, qəzetlərin oxunmaması ilə bağlı fikir bir qədər şişirdilsə də məsələdə bir həqiqət də var. Çünki, bütün qəzetlərin elektron versiyaları mövcuddur. Onlayn rejimində fəaliyyət göstərən qəzetlər gündəlik əldə etdikləri informasiyanı məhz analitik yazılar, təhlillər şəklində yerləşdirilər. Bu gün Azərbaycanda internet istifadəçilərini sayı 65-70 faizə qədərdir. Buna əsasən də vətəndaş internetdə əldə etdiyi informasiyanı yenidən çap formasını oxumağa meyilli deyil. Bununla bərabər ciddi bir auditoriya da var ki, qəzetlərin ancaq çap mediasını oxumağa üstünlük verirlər. Buna əsasən də reklamçılar, istehsalçılar, biznesmenlər bu faktoru nəzərə almalıdırlar.
- Qonşu ölkələrdə qəzetləri gəlirlərinin böyük hissəsi (75-80 faizi) reklamdan və yerli satışdan əldə edir. Bu təcrübədən faydalanaraq Azərbaycanda tətbiqi sahəsində uğurlar əldə etmək olarmı?
- Təəssüf ki, bizim də daxil olduğumuz MDB məkanından mənimsəyərək əldə edə biləcəyimiz heç bir təcrübə yoxdur. Bir sıra Avropa ölkələrindən həm model, həm ictimai təfəkkür, həm də siyasi mədəniyyət etibarı ilə bizə daha yaxın olan Türkiyədə bu ənənə vardır. Bu ölkələrdə istehsal dövriyyələrini bir faizi reklama yönəldilir. Cənab Əli Həsənovla görüşdə də bu məsələ ilə əlaqədar müzakirə aparıldı, müsbət fikirlər oldu və məsələnin həlli ilə bağlı yaxın vaxt ərzində tədbir görüləcəyi bildirildi. Bu şəkildə bir qurum yaradılarsa, ölkədə fəaliyyət göstərən qəzet-çap mediası arasında ədalətli bölgü təmin olunarsa Azərbaycan mediasında sıçrayış baş verər. Medianın missiyası onun funksiyasından qat-qat böyükdür. Media funksional bir institut kimi, ölkədə baş verənlər informasiyaları obyektiv, qərəzsiz və düzgün şəkildə ictimaiyyətə çatdırmalıdır. Medianın missiyası isə siyasi-ictimai təfəkkürü formalaşdırmaq, ədəbi dilimizi formalaşdırmaq, leksikonumuzu zənginləşdirmək, Azərbaycan xalqının maarifləndirilməsi, vətəndaşların həmrəyliyini təmin etmək, fərdlərin inkişafını təmin etmək, Azərbaycan həqiqətlərini KİV vasitələri ilə dünyaya çatdırmaqdır. Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, çap mediasının sıçrayışlı inkişafı Azərbaycan cəmiyyətinin inkişafını sürətləndirəcəkdir.
Cabir MƏMMƏDOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB