Prezident İlham Əliyev Meksika senatının sədr müavinini qəbul edib

Prezident İlham Əliyev Meksika senatının sədr müavinini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev iyulun 11-də Meksika Birləşmiş Ştatları Senatının sədr müavini Fransisko Arroya Vieyranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


SİA AzərTac-a istinadən bildirir ki, Meksikanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayan Fransisko Arroya Vieyra ölkələrimiz arasında 20 ildən artıq mövcud olan diplomatik əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə edib. O, əlaqələrimizin genişləndirilməsində Azərbaycan hökumətinin dəstəyi ilə Meksikada həyata keçirilən mədəni-humanitar layihələrin önəmini qeyd edib.


Fransisko Arroya Vieyra Meksikadakı meydanların birində isə Azərbaycan-Meksika dostluğunu əks etdirən monumentin və Xocalı soyqırımı abidəsinin qoyulacağını vurğulayıb. Meksikalı qonaq iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi üçün də yaxşı imkanların olduğunu bildirib. Qonaq ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib.


Meksika Birləşmiş Ştatları Senatının sədr müavini Fransisko Arroya Vieyranın ölkəmizə səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı bu səfərin Azərbaycan ilə Meksika arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycanın Meksika ilə əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayan prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Dövlətimizin başçısı Meksika senatının Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qərarı yüksək qiymətləndirdi və minnətdarlığını bildirib.


Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, ticarət, mədəniyyət, humanitar və parlamentlərarası əməkdaşlıq sahələrində daha da genişləndirilməsi ilə bağlı yaxşı imkanların olduğu vurğulandı.

Bütün xəbərlər Facebook səhifəmizdə