Keyfiyyətsiz məhsul aşkar etdikdə \"qaynar xətt\"ə müraciət edin!

Keyfiyyətsiz məhsul aşkar etdikdə \"qaynar xətt\"ə müraciət edin!

Bu gün Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texnik Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, tədbirdə Texniki Tənzimlənmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov çıxış edərək bildirib ki, istehlakçı hüquqlarının qorunması, əhalinin keyfiyyətli məhsul, mal və xidmətlərlə təminatı, normativ sənədlərin tələblərinə uyğun olmayan təhlükəli məhsulların qorunması ilə bağlı məsələlər Azərbaycan Respublikasının dövlət nəzarət xidmətinin əsas tərkib hissəsidir: \"Ölkə rəhbəri İlham Əliyevin xüsusi göstərişi və tapşırıqlarına əsasən vətəndaşlarımızın sağlamlıqlarının qorunması, keyfiyyətli və beynəlxalq standartlara uyğun məhsulların təminatı istiqamətində işlər görülür. Təbii ki, ölkə rəhbərliyi tərəfindən yaradılan bu xidmətin üzərinə çox böyük məsuliyyət düşür. Texnik Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti prezidentin 4 aprel 2012-ci il tarixli fərmanına əsasən yaradılmasına baxmayaraq yarandığı gündən etibarən qısa müddət ərzində normativ sənədlərin tələblərinə zidd istehsal olunan məhsulların axtarılıb tapılması və keyfiyyətsiz məhsulların istehsalının dayandırılması istiqamətində ciddi işlər görüb. Son bir ay ərzində komitə tərəfindən Bakı şəhəri üzrə 15, Sumqayıt Ərazi İdarəsi üzrə 4, Yevlax Ərazi İdarəsi üzrə 5, Gəncə ərazi İdarəsi üzrə 7, Şəki ərazi İdarəsi üzrə 8, olmaqla ümumilikdə 47 istehsal sahəsində dövlət nəzarəti aparılıb. Aparılan yoxlamaların nəticəsi olaraq 32 istehsal sahəsinə normativ sənədlərin tələblərinə cavab vermədiyi üçün məhsulların istehsalını və satışının qadağan olunması barədə tələbnamə verilib. İstehsal və satışının qadağan olunan tələbnamələrin 4-ü süd məhsulları, 7-si alkoqolsuz içki, 6-sı çörək məhsulları, 2-si isə neft-mədən avadanlıqlarının qazma qurğusu və qaz balonlarını payına düşür. Eyni zamanda 27 sahibkarlıq subyektində inzibati xəta aşkar olunduğundan protokol hazırlanaraq inzibati qaydada cərimə tətbiq edilib".

Əbülfət İmanov həmçinin onu da bildirib ki, neqativ faktlarla bağlı ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının, yerli icra strukturlarını bələdiyyələrin və mətbuatın məlumatları xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün təhlükəli hesab olunan məhsullar, qeyri-qanuni fəaliyyət göstərən müəssisələr haqqında məlumat vermək üçün komitənin saytı, həmçinin 963 \"qaynar xətt\" nömrəsi fəaliyyət göstərir.

Tədbirdə xidmətin struktur bölmə rəhbərləri ilə yanaşı Texniki tənzimlənmə və standartlaşdırma şöbəsini müdiri Namiq Tağıyev də iştirak edərək son bir ay ərzində həyata keçirilən tədbirlər nəticəsində aşkarlanan təhlükəli məhsul istehsal edən müəssisələr haqqında məlumat verib.

Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə