Qənirə Paşayeva Bosniya və Hersoqovinanın prezidenti ilə görüşüb - FOTO

Qənirə Paşayeva Bosniya və Hersoqovinanın prezidenti ilə görüşüb - FOTO

Bosniya və Hersoqovinada səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Sarayevoda Bosniya və Hersoqovinanın prezidenti Bakir İzetbeqoviç ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, Azərbaycanı sevdiyini deyən Bosniya və Hersoqovina prezidenti Bakir İzetbeqoviç iki qardaş ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində böyük potensialın olduğunu vurğulayıb.


Azərbaycanla iqtisadi, turizm, enerji, təhsil, mədəniyyət, bir sözlə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiklərini deyən prezident Bakir İzetbeqoviç oktyabr ayında dost Azərbaycana rəsmi səfər edəcəyini deyib. O bildirib ki, bu səfərdən və Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərdən sonra iki ölkə arasında əməkdaşlığın daha da sürətlə inkişaf edəcəyinə inanır.


"Bizim aramızda heç bir siyasi problemlər yoxdur və bu iki dost ölkə arasında əməkdaşlığın bundan sonra daha da sürətlənməsi üçün daha çox işlər görüləcək"- deyən prezident Bakir İzetbeqoviç Azərbaycanın getdikcə daha da inkişafına dost ölkə olaraq sevindiklərini deyib və əlavə edib ki, Azərbaycan sərmayələrinin və iş adamlarının Bosniya və Hersoqovinaya gəlməsində maraqlıdırlar.


Millət vəkili Qənirə Paşayeva Bosniya və Hersoqovinanın prezidenti Bakir İzetbeqoviçə bu qədər mehriban və səmimi qəbula görə təşəkkür edərək bildirib ki, azərbaycanlılar üçün də Bosniya və Hersoqovina dost, qardaş ölkədir. Azərbaycanın da Bosniya və Hersoqovina ilə bütün sahələrdə əməkdaşlığın daha da inkişafına önəm verdiyini deyən millət vəkili Qənirə Paşayeva parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinə ehtiyac olduğunu bildirib. O deyib ki, iki ölkənin beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri arasında da əməkdaşlığın daha da genişlənməsi olduqca vacib və əhəmiyyətlidir. Bosniya və Hersoqovinanın prezidenti Bakir İzetbeqoviçi Azərbaycanda görməkdən bütün azərbaycanlıların məmnun olacağını deyən millət vəkili Azərbaycanla bağlı, ölkənin potensialı, imkanları, əldə etdiyi uğurlar, inkişafla bağlı prezidentə ətraflı məlumat verib.


Millət vəkili Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsindən, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsindən danışıb. Xocalı Soyqırımına toxunan millət vəkili bildirib ki, Azərbaycan xalqı soyqırıma məruz qalan Bosniyalı qardaşlarımızı hər kəsdən daha yaxşı anlayır. Bu gün Srebrenitsa Soyqırımının anım günü olduğunu vurğulayan millət vəkili deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün insanlar bu cür cinayətlərə laqeyd qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdırlar. Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bu gün Srebrenistsa bölgəsində Srebrenitsa Soyqırımı qurbanlarının anım tədbirlərində də iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə