Quba-Qusar yolundakı körpü qəzalı vəziyyətə düşdü

Quba-Qusar yolundakı körpü qəzalı vəziyyətə düşdü

Quba-Qusar yolunun 10-cu km-liyində, Qubanın Xucbala kənd ərazisindən keçən Quruçay çayının üzərində olan beton konstruksiyalı körpü son 15 gün ərzində qəzalı vəziyyətə düşüb. SİA-nın Şimal bürosunun xəbərinə görə, körpünün üzərində sol zolaqda böyük yarıqlar əmələ gəlib. 49 il bundan əvvəl tikilən körpüdə yaranan böyük yarıqlar sürücülər üçün təhlükə yaradıb.

Yaranan vəziyyətlə bağlı Qusar 7 saylı Yol İstismar İdarəsinin rəisi Rauf Əbilov bildirib ki, 49 il bundan qabaq inşa olunan körpü qəzalı vəziyyətdədir. O, bunun Şahdağda inşa olunan "Qusar Şahdağ Qış-Yay İdman Kompleksi"-nin inşası üçün lazım olan ağır materialların bu körpüdən keçərək daşınması nəticəsində baş verdiyini bildirib. İdarə rəisi onu da əlavə edib ki, məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin \"Azəryolservis\"inə də xəbər verilib.

Qeyd edək ki, körpü 1963-cü ildə inşa olunub.


Emin Kərimov


Bütün xəbərlər Facebook səhifəmizdə