QAT həmsədrlərin səfərinə etiraz edib

QAT həmsədrlərin səfərinə etiraz edib

Qarabağ Azadlıq Təşkilatı həmsədrlərin Azərbaycana növbəti səfərinə etiraz edib. SİA-nın verdiyi məlumata görə, təşkilat bununla bağlı bəyanat yayıb:

- Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərini qətiyyətlə pisləyirik. Bu qrupun fəaliyyətinin status-kvonun, yəni işğal faktının qorunub saxlanılmasına, Azərbaycanın torpaqlarının işğal altında qalmasına xidmət etdiyi artıq heç kəs üçün sirr deyil. Bunu beynəlxlaq təşkilatlar, ekspertlər birbaşa, ya da dolayısı ilə dəfələrlə təsdiq və etiraf ediblər. Artıq bu səfərlərin heç bir mənası yoxdur və haqlı olaraq Azərbaycan cəmiyyətində qıcıq yaradır, qəzəb hissi ilə qarşılanır. Həmsədrlər hər dəfə növbəti yalan vədlərlə gəlir, gah hansısa yeni təkliflərin olduğunu bəyan etməklə, gah da cəbhə xəttini keçib guya qəhrəmanlıq etmələri ilə Azərbaycan cəmiyyətini aldadır, yalançı fəaliyyət görüntüsü yaratmağa çalışırlar.


Azərbaycan cəmiyyətinin həmsədr dövlətlərdən, beynəlxalq təşkilatlardan yalnız bir gözləntisi var: işğalçını öz adı ilə adlandırmaq, Ermənistanı işğalçı dövlət kimi tanımaq, işğalçı dövlətə qarşı sanksiyalar tətbiq etmək və Azərbaycanın pozulmuş haqqının, ərazi bütövlüyünün bərpa olunmasına yardımçı olmaq. Bizim başqa bir istəyimiz yoxdur və bu mövqeyimizdə haqlıyıq. Əgər haqlı deyiliksə, qoy dünya birliyi bunu bizə desin.


Biz Minsk qrupunun fəaliyyətinin dayandırılmasını, bu səfərlərə son qoyulmasını tələb edirik. Həmsədr dövlətlər özlərinə hörmət edib bu üzdəniraq vasitəçilikdən çəkinsinlər, Azərbaycan xalqının ağrı və müsibətlərinə hörmətlə yanaşsınlar, bizim heysiyyatımızla oynamasınlar. Biz Azərbaycan hakimiyyətindən bu təhqiramiz vəziyyətə son verilməsini, həmsədrlərin vasitəçiliyindən imtina olunmasını tələb edirik.


Biz həmsədrlərdən tələb edirik ki, onlardan təlxək kimi istifadə olunmasına imkan verməsinlər, özlərini abırsızlığa qoyub bu səfərlərini davam etdirməsinlər. Bizim səbrimiz tükənməz deyil. İşi o yerə çatdırmasınlar ki, kimlərləsə onları daş-qalaq etməli olsun!

Bütün xəbərlər Facebook səhifəmizdə