Prezident İlham Əliyev: \"Azərbaycanın və Rusiyanın regionlararası əməkdaşlığı yaxşı nümunə kimi xidmət edə bilər\"
Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda bu gün öz işinə başlayan \"Rusiya-Azərbaycan Dialoqu 2012\" üçüncü Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarına müraciətində belə deyilir.
\"Sizi - üçüncü Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarını ürəkdən təbrik edirəm. Diqqətəlayiq haldır ki, xoş ənənəyə çevrilmiş bu forum ikitərəfli əməkdaşlığın aktual məsələlərinin müzakirəsi üçün effektiv tribunaya çevrilib\", - Prezidentin müraciətində deyilir.
Dövlət başçısı qeyd edib ki, iqtisadi, elmi-texniki və humanitar sahələrdə əlaqələrin dərinləşməsi hər iki ölkənin vətəndaşlarının rifahının yüksəlməsinə müsbət təsir göstərir, xalqlarımız arasında tarixən yaranan dostluq əlaqələrini möhkəmləndirir: \"Son illərin təcrübəsi göstərir ki, qonşu dövlətlərin regionları arasında ticari-iqtisadi və investisiya mühitinin yaranması dünyanın bir çox ölkələrinin üzləşdiyi qlobal maliyyə böhranının mənfi təsirlərinin aradan qaldırılmasına kömək edir. Bu mənada, Azərbaycanın və Rusiyanın regionlararası əməkdaşlığı yaxşı nümunə kimi xidmət edə bilər. Məmnuniyyətlə qeyd edirəm ki, hazırda respublikamız Rusiya Federasiyası subyektlərinin əksəriyyəti ilə birbaşa əlaqələrə malikdir, onların bəziləri ilə hökumətlərarası sazişlər imzalanıb\".
İlham Əliyev forum çərçivəsindəki işgüzar əlaqə və müzakirələrin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına yeni təkan verəcəyinə, ölkələr arasında gələcəkdə qarşılıqlı anlaşmanın dərinləşməsinə və əməkdaşlığın genişlənməsinə kömək edəcəyinə ümidvar olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB