Sahibə Qafarova: “Avropalılıq bizi ayıran deyil, birləşdirən dəyər olmalıdır” - MÖVQE

"Qadınların hüquqlarının təmin olunması, bu sahədə qarşıya çıxan problemlərə qarşı birgə mübarizənin gücləndirilməsi demokratik cəmiyyətlərdə prioritet məsələlərdən biridir. Amma nəzəri olaraq təsdiqini tapmış bu aksioma parktikada bir sıra hallarda həllini tapmır, qadınlar bu və ya başqa səbəblərdən ayrı-seçkiliyə məruz qalırlar. Xüsusən, son dövrlər dünyada cərəyan edən proseslər, Avropanın qonşularında baş verən iğtişaşlar, qlobal maliyyə böhranının yaratdığı fəsadları ən çox qadınlar öz həyatlarında hiss edirlər. O cümlədən, Avropa ictimaiyyətinin müsəlman qadın üzvləri də digər avropa xalqları kimi bu problemlərdən sığotalanmayıb". SİA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, qurumun Rasizm və ksenofobiya alt komitəsinin sədri Sahibə Qafarova Assambleyanın yay sessiyasında Avropada müsəlman qadınların problemləri haqqında hazırlanan hesabatın müzakirəsiə zamanı çıxışında danışıb. Onun sözlərinə görə, bu gün Avropa Şurasına üzv 3 dövlət müsəlmanların çoxluq, əsas üstünlük təşkil etdiyi dövlətlərdir. Həmçinin, Avropanın digər dövlətlərində müsəlmanlar yaşayır, o ölkələrin vətəndaşları olaraq bütün haqq və hüquqlara sahibdirlər: Buna baxmayaraq, bir sıra hallarda, xüsusən son dövrlərdə biz Avropada azlıq təşkil edən müsəlmanlar, həmçinin, müsəlman qadınların sahib olduqları hüquqlardan yararlanmasına yetərli şərait yaradılmadığını da müşahidə edirik. Müsəlman qadınların təhsil müəssisələrinə buraxılmaması, ictimai yerlərdə qınaq görməsi, hətta bəzən açıq təzyiqlərə məruz qalması təqdir oluna bilməz. Təbii ki, bunlar kütləvi deyil və mən buna işarə etmirəm. Amma istənilən halda bu kimi hallar bizi birləşdirən Avropa ailəsinin başlıca dəyərlərinə, Avropa Şurasının rəhbər tutduğu mühüm şərtlərə uyğun gəlmir".


Sahibə Qafarova xüsusi olaraq, vurğulayıb ki, bu gün Avropanın bir sıra dövlətlərində ayrı-seçkiliyə məruz qalanlar təkcə immiqrant müsəlman qadınlar deyil. Eyni zamanda, Avropanın sakinləri olan müsəlman qadınlar da xüsusən, təhsil və dini etiqadlarını yerinə yetirərkən diskriminasiya ilə üzləşirlər. Məruzədə bununla bağlı ətraflı məlumat verildiyini söyləyən millət vəkilinin sözlərinə görə, problemlər onları gizlətməklə, etiraf etməməklə həll oluna bilməz. Əksinə, problemləri həll etmək üçün onları aşkarlamaq, cəsarətlə üzərinə getmək və təxirəsalınmaz tədbirlər görmək lazımdır.


Bu tədbirlər isə müsəlman qadınların cəmiyyətə daha çox inteqrasiya olunmasına, müxtəlif sahələrdə onların fəaliyyətinin təşviq olunmasına yönəlmiş tədbirlər sürətləndirilməlidir: "İnkar etmirik ki, son dövrlər Avropa dövlətlərində immiqrantların sayı artmışdır. Lakin təəssüf ki, bu daha çox obyektiv səbəblərdən qaynaqlanır. İğtişaş və münaqişələrdən qaçan, ölkəsində hüquqları məhdudlaşdırılan, iqtisadi cəhətdən geriləmiş ölkələrdə iş yerlərini və gündəlik dolanışıqlarını itirən bir çox qeyri-avropalılar, o cümlədən müsəlmanlar Avropaya üz tutmuşlar. Burada mən obyektiv səbəblər sözünü təsadüfən işlətmədim. Etiraf etməliyik ki, biz də bəzən bu problemlərin yaranmasında, yaxud da böyüməsində bu və ya başqa şəkildə iştirak etmişik. Ata biləcəyimiz addımları təxirə salaraq, immiqrasiyanın sürətləndirilməsində qeyri – ixtiyari olaraq yer almışıq. Ona görə də bu gün immiqrasiya məsələlərinə münasibətdə radikal addımlar atmaq düzgün olmayan yolun davamı, vaxtilə görmədiyimiz tədbirlər kimi yanlış bir seçim olacaq"-deyən Sahibə Qafarova bildirib ki, dini mənsubiyyətindən asılı olmayaraq, hamımız bu ailənin üzvləriyik və hamımızın başlıca məqsədimiz bu ailəni necə daha yaxşı etmək olar sualı haqqında düşünmək və bu istiqamətdə addımlar atmaq olmalıdır. Onun sözlərinə görə, avropalılıq bizi ayıran deyil, birləşdirən dəyər olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə