ICAPP-ın nümayəndə heyəti nüfuzlu qəzetlərin rəhbərləri ilə görüşüb - FOTOLAR
Bu gün Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) rəhbərliyi ilə ölkəmizin aparıcı mətbu orqanları - "Səs" və "Yeni Azərbaycan" qəzetlərinin rəhbərləri arasında görüş keçirib. SİA-nın verdiyi məlumatına görə, tədbirdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP-ın xarici əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev, ICAPP-ın yaradıcısı və həmsədri Jose de Venecia, ICAPP-ın baş katibi və həmsədri Chung İyu Yung iştirak ediblər.
Tədbiri giriş sözləri ilə açan "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu qəzetin yaranma tarixindən və keçdiyi inkişaf yolundan danışıb. Qəzetin tarixi əhəmiyyəti ilə bağlı qonaqlara məlumat verən baş redaktor qarşılıqlı əlaqələrin qurulmasında maraqlı olduqlarını da dilə gətirib: "\"Yeni Azərbaycan\" qəzeti ölkəmizin ən populyar, çoxtirajlı qəzetləri sırasındadır. Qəzetimiz fəaliyyəti ilə təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də kifayət qədər tanınır. 1993-cü ilin aprel ayından nəşr olunan qəzet çətin və əziyyətli dövrdə belə öz fəaliyyətini davam etdirib. Yeni Azərbaycan Partiyasının mətbu orqanı olan qəzetimiz partiyanın yaranmasından bir il sonra nəşr olunub. Çünki 1992-ci il mətbuatda ağrılı dövr idi. O vaxtlar qəzet nəşri kifayət qədər çətin idi".
1990-cı illərin jurnalistikada da çətin dövr olduğunu deyən baş redaktor hiyləgər erməni qoşunlarının Azərbaycanda törətdiyi faciələrə də toxunub: "Ölkəmiz yeni müstəqillik əldə etdiyi ərəfədə qonşu Ermənistan tərəfindən hiyləgər hücumlara məruz qaldı. Bu hücumlarda minlərlə azərbaycanlı öz yurdundan didərgin salındı. Eyni zamanda Azərbaycanın 7 rayonu və Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olundu. Lakin hamımıza yaxşı məlumdur ki, Ermənistan bu işğalda tək deyildi. Ona havadarlıq edən kifayət qədər dövlət vardı. Bütün bunları xatırlatmaqda əsas məqsədimiz qəzet nəşrinin o dövrdəki çətinliyini ifadə etməkdir. Bütün bu çətinliklərə baxmayaraq "Yeni Azərbaycan" qəzeti nəşr olundu və qısa dövr ərzində özünün ən uğurlu fəaliyyətini nümayiş etdirməyə nail oldu. Bu gün dünyada sosial şəbəkələrin aktiv inkişafı qəzet nəşrini çətinləşdirir. Bəzən alternativ jurnalistika adlandırdığımız bu vasitələr əslində qəzetlərin nəşrində müəyyən problemlərlə üzləşməyimizə səbəb ola bilir. Çünki internetdə və soial şəbəkələrdə doğruluğu, obyektivliyi, faktlara əsaslanması lazımi qədər yoxlanılmayan bir sıra məlumatlar var. Bizim əsas vəzifəmiz isə həmin məlumatları yoxlanışdan keçirərək nəşr etmək, xalqa çatdırmaqdır. Yəni biz həm əhalini informasiya ilə təmin edir, həm də informasiyanı xalqa çatdırırıq".
Daha sonra çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev də öz növbəsində qonaqlara qəzetin tarixi əhəmiyyəti haqda məlumat verərək bugünki inkişaf perspektivlərinə toxunub: "İlk olaraq Azərbaycana gəlişinizlə bağlı sizi salamlayıram. "Səs" qəzeti Azərbaycan müstəqilliyə qovuşmazdan öncə - 1991-ci ildən başlayaraq fəaliyyət göstərir. Həmin dövrlərdə Yeni Azərbycan Partiyasının təşkilatlanma mərhələsi məhz bizim qəzetimizdə dərc olunan məqalələr, çıxışlardan başlayıb. 1992-ci ildə partiya yarandıqda artıq qəzetimizdə partiya ilə bağlı məlumatlar dərc olunurdu. Biz öz fəaliyyətimizi dünya standartlarına uyğun formada qurmuşuq. Belə ki, qəzetin bazasında bir neçə qurum fəaliyyət göstərir. Bunlar \"Səs\" İnternet Televiziyası, Səs İnformasiya Agentliyi, \"SİAsport\" idman portalıdır. Bu qurumların hər birinin beynəlxalq aləmə çıxışı var. Biz düşünürük ki, gələcəkdə internet televiziyamız da bir neçə dildə faəliyyətini davam etdirməlidir və bu istiqamətdə bir sıra tədbirlər həyata keçiririk".
Baş redaktorlardan sonra tədbirdə iştirak edən xarici qonaqlar da öz fikirlərini bölüşüblər. İlk olaraq ICAPP-ın həmsədri Jose de Venecia çıxış edərək Bakıya səfərlərinin məqsədi haqda məlumat verib və qəzetləri fəaliyyətlərinə görə təbrik edib: "Biz sabah keçiriləcək Asiya Siyasi Partiyalarının Beynəlxalq konfransında iştirak edəcəyik. Qurumda 350-dən artıq hakim, müxalif, müstəqil partiyalar fəaliyyət göstərir. Biz sizin qəzetlərinizlə belə yaxından tanış olduğumuza görə məmnunuq. Eyni zamanda informasiya yayımı baxımından kifayət qədər önəmli rol oynayan fəaliyyətinizi də təbrik edirik. Ölkə başçısı İlham Əliyevin uğurlu beynəlxalq və daxili siyasəti, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, Əli Əhmədovun fəaliyyəti, ölkə daxilində yoxsulluğun bu qədər azaldılması və bir sıra digər faktlar analoqu olmayan göstəricilərdir. Bütün bunlar Azərbaycanın sürətli inkişafının bariz nümunələridir. Eyni zamanda qeyd etmək istərdim ki, YAP xarici əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev Azərbaycanın ən tanınmış siyasi xadimlərindən biri olaraq beynəlxalq aləmdə kifayət qədər önəmli işlər görür. O gördüyü işlər timsalında Azərbaycanı kifayət qədər uğurla təmsil edir".
Daha sonra çıxış edən ICAPP-ın baş katibi və həmsədri Chung İyu Yung da öz növbəsində sabah keçiriləcək tədbirin əhəmiyyətindən və beynəlxalq aləmdə Azərbaycana bəslənən etimaddan danışıb: "Sabahkı konfrans bizlər üçün çox önəmlidir. Biz əminik ki, konfrans indiyə kimi ICAPP tarixində keçirilən ən önəmli tədbirlərdən biri olacaq. Biz bu tədbirin təşkil edilməsində göstərilən dəstəyə görə Azərbaycan rəhbərliyinə təşəkkür edirik. Hamıya məlumdur ki, Azərbaycanda bir çox siyasi uğurlara imza atmış Yeni Azərbaycan Partiyası ən önəmli təşkilatdır. Eyni zamanda YAP yalnız ölkə daxilində deyil, həm də beynəlxalq aləmdə kifayət qədər nüfuza sahibdir. Noyabrda Baş Assambleya keçiriləcək və sonda deklorasiya qəbul olunacaq. Biz həmin deklorasiya ilə bağlı sabah fikir mübadiləsi aparacağıq. 20 ildir fəaliyyət göstərən qurumumuz son iki ildə uğurları ilə xüsusi seçilir. Sabahkı iclasda 50 nəfər iştirak edəcək və kifayət qədər önəmli məsələlər müzakirələr ediləcək. Bir sıra beynəlxalq tədbirlərdə öz gücünü sübut etmiş Azərbaycan dövlətinin bu tədbiri və noyabrdakı məsuliyyətli assambleyanı da uğurla başa vuracağına əminik".
Tədbir fikir mübadilələri əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB