ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor bu gün Azərbaycana gəlib. SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlama verən Eymon Gilmor bildirib ki, səfər zamanı o, rəsmi şəxslərlə yanaşı, siyasi partiyaların liderləri ilə də görüşlər keçirəcək.
Görüşlərdə ATƏT-in bölgədə fəaliyyəti, Azərbaycanla qurum arasında əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlər müzakirə olunacaq: "Sabah Azərbaycan rəsmiləri və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcəyəm. Görüşlərdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olacaq. Cəbhə xəttində son günlər baş verən və insan ölümü ilə nəticələnən insidentlər bizi ciddi narahat edir. Azərbaycan rəsmiləri ilə görüşlərdə atəşkəs rejiminə riayət olunması, snayperlərin cəbhə xəttində geri çəkilməsi məsələləri də müzakirə olunacaq. Şəxsən mən və ATƏT bu yaxınlarda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş insidentlərdən narahatıq. Mən insidentlərin araşdırılması mexanizminin işə düşməsini istəyirəm. Ümid edirəm ki, bu, münaqişənin danışıqlara əsaslanan dinc yolla nizamlanmasına töhfə verəcək".
Ermənistanda ona edilmiş Dağlıq Qarabağa səfər təklifinə münasibət bildirən ATƏT sədri qeyd edib ki, münaqişə zonasına səfər etmək fikri yoxdur: "Bu məsələni sabah Azərbaycan rəsmiləri ilə keçirəcəyim görüşlərdə də müzakirə edəcəyəm. Lakin birmənalı şəkildə deyirəm ki, Dağlıq Qarabağa səfər etmək fikrim yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB