Vüqar Bayramov: “Hillari Klinton vətəndaş cəmiyyətinin inkişafından məmnun olduğunu bildirdi” - MÜNASİBƏT

Bu gün ABŞ-ın dövlət katibi Hillari Klinton ölkədə fəaliyyət göstərən bir sıra vətəndaş cəmiyyəti təşkilatlarının liderlər ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə İqtisadi və Sosial Islahatlar mərkəzinin rəhbəri Vüqar Bayramov, Mədən Şəfaflığı Təşəbbüsü üzrə QHT alyansının nümayəndəsi İnqilab Əhmədov, Açıq Cəmiyyət İnstitutunun nümayəndəsi Fidan Bağırova və Beynəlxalq Şəfaflıq Təşkilatının Bakı bürosunun rəhbəri Rəna Səfərəliyeva iştirak ediblər.

Vüqar Bayramovun SİA-a verdiyi məlumata görə, görüşdə Azərbaycanın 2011-ci ildə qoşulduğu açıq büdcə üzrə tərəfdaşlığın əldə etdiyi uğurlar müzakirə olunub. Bundan başqa tərəflər ölkədə vətəndaş cəmiyyətinin rolunun artırılması məsələsində müzakirə ediblər.

V.Bayramov qeyd edib ki, görüşdə son illər şəfaflıq və hökumət açıqlığı sahəsində Azərbaycanda bir çox uğurlar əldə olunduğu bildirilib. O, cümlədən büdcə sənədlərinə çıxış imkanlarının artırılması, Maliyyə Nazirliyinin büdcə sənədlərinin onlayn yerləşdirilməsi vurğulanıb. Müzakirə olunan məsələlər arasında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsində ABŞ-ın yardım etməsi istənilib.

V.Bayramov bildirib ki, görüşdə QHT-lərin Azərbaycanda rolunun artırılması xüsusi qeyd olunub.

Hillari Klinton isə öz növbəsində bildirib ki, Azərbaycan artıq açıq hökumət hərəkatına qoşulub bu da ölkədə şəfaflığın artırılması kimi dəyərləndirilir. Xanım Klinton Azərbaycanda elektron hökumətin fəaliyyətə başlaması ilə bağlı aparılan işlərdən məmnun olduğunu bildirib. Qeyd edib ki, elektron hökumətin istifadəyə verilməsi tək korrupsiyaya qarşı mübarizə üçün deyil, eyni zamanda cəmiyyətin inkişafı üçün vacibdir.

QHT nümayəndələri bildiriblər ki, elektron hökumətin işə salınması ilə bağlı ölkə prezidentinin xüsusi tapşırığı olub.

Hillari Klinton bundan başqa Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbul olunması üçün bir sıra dövlətlərlə danışıqlar aparmasının zəruri olduğunu deyib. Bununla yanaşı Azərbaycan qanunvericiliyində müəyyən dəyişiklik olmalıdır.

Bütövlükdə Hillari Klinton Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafından məmnun olduğunu bildirib. O, qeyd edib ki, bu müsbət haldır ki, vətəndaş cəmiyyətləri təşkilatları ölkəmizdə müxtəlif sektorlarda fəaliyyət göstərir. Sonda Hillari Klinton ABŞ-ın Azərbaycandakı vətəndaş cəmiyyətlərinə və inkişafa dəstək verəcəyini deyib.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə