Səttar Mehbalıyev: "Dünya maliyyə böhranına baxmayaraq Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir" - MÜNASİBƏT

Dünyada baş verən iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib.

Təhsil işçilərinin əməkhaqqlarının artırılması ilə bağlı suala cavab verən AHİK-in sədri bildirib: "Bu məsələ ilə əlaqədar bizə müraciətlər olunur. Biz də lazımı qurumlara müraciətlər etmişik. Əməkhaqqlarının qaldırılması ölkə prezidentinin Fərman və Sərəncamlarına əsasən həyata keçirilir və dövlətimiz tərəfindən son altı ildə təhsilə böyük məbləğdə vəsait ayrılmışdır. Həm təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, həm də yeni elm ocaqlarının tikilməsi və təmiri üçün lazımı vəsait ayrılmış və xeyli iş görülmüşdür".

Dünyada baş verən iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayan S.Mehbalıyev qeyd edib ki, dövlət büdcəsinə 600 milyon manat əlavə vəsait daxil olub. Baş verən təbii fəlakətlər və onların ağır nəticələrinin aradan qaldırılması üçün bu əlavə vəsaitdən istifadə edilib.

İşçilərin əmək şəraiti haqqında da danışan AHİK-in sədri bildirib ki, keçən dörd illə müqayisədə xeyli irəliləyiş olub. Xüsusilə işçilərin təhlükəsiz şəraitdə işləməsi üçün bir çox işlər görülüb.

Sanatoriyalar və uşaq düşərgələri barədə də məlumat verən S.Mehbalıyev deyib ki, bu istirahət yerlərində il boyu abadlıq və təmir işləri davam edib. Sanatoriyalar üçün lazımı vəsait ayrılıb. Bazar iqtisadiyyatına keçən ölkəmizdə uşaq düşərgələrinin AHİK-in mülkiyyətində olmamağına baxmayaraq komitə tərəfindən altı minədək uşaq düşərgələrə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə