Dünyanın bəzi teleşirkətlərinin və hüquq-müdafiə təşkilatlarının Azərbaycanda keçirilən "Eurovision-2012" əleyhinə təbliğatları davam edir. Əgər əvvəllər hədəf kimi, başlıca olaraq ölkə hakimiyyətinin, respublikadakı durumun tənqidi məqsədilə irəli sürüldüyü iddia edilən fikirlərə söykənilirdisə, indi mövzu bir qədər dəyişib. Artıq nüfuzlu müsabiqənin özünün mahiyyətinə xələl gətirmək meylləri, eləcə də onun təşkilatçısı Avropa Yayımlar Birliyinə qarşı ittihamlar irəli sürülməkdədir.
Bu baxımdan hüquq-müdafiə qurumu olan "Amnesty İnternational"ın dünənki bəyanatı xüsusi vurğulanmalıdır. Sənəddə bildirildiyinə görə, "Eurovision" təşkilatçılarının Azərbaycanda insan hüquqlarının pozulmasının müzakirəsindən imtinası hökumətə repressiyalar üçün kart-blanş verir. Konkret olaraq qurumun təmsilçisi Maks Taker vurğulayıb ki, respublikada söz azadlığının dəstəklənməsi barədə açıq bəyanatlara baxmayaraq, AYB bu hüququn dəfələrlə pozulması ilə bağlı susur.
"Amnesty İnternational" təşkilatının ardınca "Euronews" telekanalı da "Eurovision-2012" ilə bağlı iddialarını davam etdirməkdədir. Media orqanı da öz növbəsində Azərbaycandakı siyasi vəziyyətdən danışaraq əsas zərbə qüvvəsini bir qədər fərqli istiqamətə - müsabiqənin səsverməsi prosesinə yönəldib. Müxtəlif arqumentlərlə əsaslandırmağa çalışıb ki, ümumən "Eurovision" müsabiqəsində ayrı-ayrı iştirakçı ölkələrin müttəfiqliyi səsvermə prosesində həlledici rol oynayır. Həmin ölkələr həmişə bir-birilərini səs göndərirlər və insanlar mövcud tərəfdaşlığın hər il özünü göstərməsindən bezib. Bu mənada diqqət Skandinaviya ölkələrinin hər zaman müştərək fəaliyyət göstərdiklərinə, daim bir-birilərini dəstəklədiklərinə yönəldilib. Skandinaviya qruplaşmasından müəyyən mənada Baltikayanı ölkələrin təmsilçilərinə də köməyin əsirgənilmədiyi vurğulanıb.
İkinci qruplaşma kimi Balkan yarımadasındakı dövlətlərin birliyindən danışılıb. Bildirilib ki, "Balkan bloku"na Bosniya və Hersoqovina, Xorvatiya, Makedoniya, Sloveniya, hətta Türkiyə də daxildir.
"Euronews" bloka üzv olmayan ölkələrin də qalib gələ bilməsinin mümkünlüyündən söhbət açıb. Bu mənada Almaniyanın 2010-cu ildəki zəfərinə yer verilib. Bununla belə telekanal iddia edib ki, "Eurovision"da qələbə qazanmaq üçün hansısa qruplaşmada təmsilçilik ən mühüm amillərdən biridir. Media qurumu eyni zamanda qələbədə güclü diasporanın vacibliyini də vurğulayıb.
168.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB