Fərəc Quliyev: “İranla bağlı olan beynəlxalq sanksiyaların tətbiq olunmasına Azərbaycan da qoşulmalıdır”

Fərəc Quliyev: “İranla bağlı olan beynəlxalq sanksiyaların tətbiq olunmasına Azərbaycan da qoşulmalıdır”

"Azərbaycanın dövlət maraqları ortada olan bir zamanda belə davranış təbii ki, qəbulolunmazdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev İsveçin Azərbaycandakı səfiri Mikael Eriksson və İctimai Palatanın təmsilçiləri İsa Qəmbərlə Əli Kərimlinin bu ölkəni \"Eurovision-2012\" mahnı müsabiqəsində təmsil edən Mərakeş əsilli müğənni Lorindən \"Eurovision\" səhnəsindəki çıxışı zamanı siyasi bəyanatlar səsləndirməsi xahişinə münasibət bildirərkən deyib. O qeyd edib ki, hər bir vətəndaş Azərbaycanın müsbət imicini qorumaq üçün mövcud imkanlardan maksimum istifadə etməlidir: "Hər kəsin üç marağı olur: şəxsi, qrup və dövlət marağı. Hər kəs düşünmədən şəxsi və qrup marağını dövlət maraqlarına qurban verməyi bacarmalıdır. \"Eurovision" bizim üçün tək yarışma deyil. Azərbaycan müharibə aparan dövlətdir və bu müsabiqə ölkəmizin imicinin formalaşması üçün bir vasitədir. Biz bu vasitəni Azərbaycan dövlətinin xeyrinə işlətməliyik. Lakin günün birində dövlətimizi gözdən salmaq üçün bundan istifadə etmək ən azından vətəndaşlıq mövqeyi deyil. Azərbaycan daxilində hakimiyyət uğrunda düşüncə mübarizəsi aparmaq mümkündür və lazımdır. Eyni zamanda müxalifətin olması da vacib şərtdir. Amma dövlət hakimiyyətdə, müxalifətdə olanların hamısınındır. Dövlət maraqlarını qurban vermək yolverilməzdir. Başqa dövlət nümayəndəsinin bu cür davranmasına təəccüblənmirəm. Amma Azərbaycan vətəndaşlarının ölkəmizin maraqlarına qarşı bu gün çıxış etməsini qətiyyən qəbul etmirəm və hesab edirəm ki, bu cür hallara son verilməlidir".

"Eurovision" müsiqi yarışmasının siyasiləşdirilməsinə etiraz edən millət vəkili bildirib ki, müxtəlif ölkələrin bu yarışmanı siyasiləşdirmək cəhdi fiasko ilə nəticələnək: "Azərbaycan təmsilçiləri ötən yarışmada qalib gəliblər. Prosedur qaydalarına uyğun olaraq bu yarışma Azərbaycanda yüksək səviyyədə keçirilir. Hesab edirəm ki, hər hansı bir dövlət əgər bu məsələlərdən siyasi spekulyasiya kimi istifadə edəcəksə, Azərbaycan dövləti ona adekvat cavab verməlidir".

İran-Azərbaycan münasibətlərinə də toxunan F. Quliyev deyir ki rəsmi Tehran mütəmadi olaraq Azərbaycan əleyhinə çıxışlar edir. Belə ki, bu müəyyən istiqamətlərdə özünü biruzə verir: "Məsələn: "Səhər 2" telekanalı vasitəsiylə. Eyni zamanda dövlət rəhbərləri tərəfindən müəyyən fətvalar verilir. Hətta bir ayətullah azərbaycanlı şairin ölümü ilə bağlı fətva vermişdi. Onu öldürəndən sonra da həmin ayətullahın oğlu hadisəni etiraf etmişdi. Həmçinin Ermənistana mütəmadi olaraq yardımlar ediblər, bu gün də edirlər. İran üçün Azərbaycan siyasi müstəvidə bir düşmən kimi qəbul olunur. Ölkəmiz hər zaman sıfır qonşuluq siyasəti yürütməyə çalışır. Amma nə edək?! Bizdən asılı olmayan səbəblərdən İran başqa cür davranır. Parlamentdə çıxışım zamanı bildirdim ki, artıq İranla bağlı olan beynəlxalq sanksiyaların tətbiq olunmasına Azərbaycan da qoşulmalıdır və münasibət bildirilməlidir. Yəni biz nə qədər yumşaq davranırıqsa, İran öz işində olur. İrana münasibətimiz müəyyənləşməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə