Elman Nəsirli: “İranın atdığı bu addımlar prinsip etibarilə onun dövlətçilik maraqlarına ziddir”

Elman Nəsirli: “İranın atdığı bu addımlar prinsip etibarilə onun dövlətçilik maraqlarına ziddir”
Biz dünyada sülh və təhlükəsizlik məsələləri ilə bağlı, o cümlədən İran ətrafındakı vəziyyətlə bağlı söz sahibinə malikik və öz mövqemizi bildiririk. Azərbaycan tək siyasi sahədə deyil, mədəniyyət, incəsənət sahəsində də böyük uğurlara imza atıb. SİA-nın xəbərinə görə, bunu SəsTV-yə açıqlamasında politoloq Elman Nəsirli bildirib. Onun sözlərinə görə, İran-Azərbaycan münasibətlərinin gərginləşməsinin konkret səbəbləri var: "Əsas səbəb ondan ibarətdir ki, bu gün İranın istəmədiyi və arzulamadığı proseslər Azərbaycanda davam edir. Birincisi, Azərbaycan dinamik şəkildə inkişaf edir, ölkəmiz regional güc mərkəzinə çevrilməkdədir. İkincisi, ölkəmiz artıq elə bir səviyyəyə çatıb ki, BMT TŞ-nın qeyri-daimi üzvüdür. Bu gün 42 ölkənin təmsilçilərinin beynəlxalq yarışma olan "Avroviziya" da iştirakı da buna bir daha bariz sübutdur. Bu yarışma eyni zamanda Azərbaycanın dünyaya, Avropaya təqdimatıdır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında "Avroviziya" mahnı müsabiqəsi müstəsna əhəmiyyətə malikdir. Bütün bunları İran tərəfi hələ də həzm edə bilmir".


Politoloq hesab edir ki, indiki məqamda İranın atdığı bu addımlar prinsip etibarilə onun dövlətçilik maraqlarına ziddir: "İran dövləti yeganə güc mərkəzinə çevrilmək istəyir. Onlarda bu gün davam edən həsəd hissi bu prosesləri daha da gərgin məcraya sövq edir. 35 milyonluq İranda yaşayan azərbaycanlı ölkəmizdəki inkişafı gördükdə onların baxışlarında dəyişkənlik də qaçılmaz olur".


E.Nəsirov deyib ki, İran tərəfi öz səfirini Tehrana geri çağırmaqla artıq dramatikləşdirmə yolunu seçib: "Bununla da adıçəkilən dövlət Azərbaycana təzyiqlərini davam etdirmək istəyir. Düşünürəm ki, bunlar çox mənasız addımlardır. Bu addımlar nəticə etibarilə diplomatik münasibətlərin kəsilməsinə gətirib çıxara bilər. Amma bu heç kimə lazım deyil. Azərbaycan əksinə İranla mehriban qonşuluq münasibətlərinin saxlanılmasında maraqlıdır. İranın bu addımları özünə qarşı bumeranq effektinə səbəb olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə