İlham Əliyev: "Azərbaycan Əfqanıstana yardımını 2014-cü ilədək davam etdirəcək"
Azərbaycan Əfqanıstana öz yardımını 2014-cü ilədək davam etdirəcək, lazım gəldikdə ondan sonra da əlindən gələni əsirgəməyəcək. SİA-nın AzərTac-a istinadən verdiyi məlumata görə, bunu ötən gün ABŞ-ın Çikaqo şəhərində keçirilən NATO-nun Sammiti çərçivəsində dövlət və hökumət başçılarının Əfqanıstan üzrə görüşündə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı Azərbaycanın ilk illərdən Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunmasında bütün səylərini ortaya qoyduğunu vurğulayıb. Azərbaycanın bu sahədə alyansın ən fəal üzvlərindən biri olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, ölkəmiz Əfqanıstanda öz hərbçilərinin iştirakı ilə sülhyaratma missiyasını davam etdirir. Eyni zamanda, Azərbaycan əfqan hərbçilərinin müxtəlif sahələrdə hazırlanması və treninqlərin keçirilməsi ilə Əfqanıstana öz töhfəsini verir.
Qeyd edək ki, NATO-nun sayca 25-ci sammiti 13 illik fasilədən sonra yenidən ABŞ-da keçirilib. Dünyanın 28 ölkəsinin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri toplantıda 2014-cü ilin sonunadək beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılması və bundan sonra ölkədə vəziyyətə nəzarətin milli təhlükəsizlik qüvvələrinə verilməsi ilə bağlı hərəkət strategiyası müzakirə olunub.
Görüşü açan NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib ki, bu gün burada Əfqanıstan dövlətinin və əfqan xalqının gələcəyi müzakirə edilir.
Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin Əfqanıstandakı fəaliyyətindən danışan NATO-nun baş katibi qeyd etdi ki, bu qüvvələr terror ilə mübarizədə fəal rol oynayıb. Hazırda Əfqanıstanda NATO qüvvələrinin səlahiyyətlərinin ölkə polisinə və hərbcilərə həvalə olunması prosesi davam edir.
ABŞ Prezidenti Barak Obama da görüşdə çıxış edərək Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri tərəfindən Əfqanıstanda həyata keçirilən əməliyyatları yüksək qiymətləndirdi və bildirdi ki, alyansın iki il əvvəl Lissabon Samitində qəbul olunmuş qərara əsasən, NATO qüvvələrinin səlahiyyətlərinin yerli təhlükəsizlik qüvvələrinə verilməsi prosesinə başlanıb. Əfqanıstanın 75 faiz ərazisinə artıq əfqanlar özləri nəzarət edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB