Azərbaycan XİN: “Azərbaycanın daxili işlərinə qarışanlara hər zaman adekvat reaksiya veriləcək”

"İranın Azərbaycandakı səfirinin geri çağırılması ilə bağlı Azərbaycanın bu ölkədəki səfirliyi maraqlanıb. Bizim İrandakı səfirimizə İranın Bakıdakı səfirinin ölkəsinə məsləhətləşmələr üçün çağırıldığı bildirilir\". SİA-nı xəbərinə görə, bunu Elman Abdullayev bu gün keçirdiyi mətbuat konfransında bildirib. O, təəssüflə qeyd edib ki, ki, Azərbaycanda "Eurovision" kimi bir müsabiqənin keçirilməsi bəzilərində, o cümlədən İranda həsəd hissi doğurur: "Buradan görünür ki, İranın daxilində qeyri-müəyyənlik, çaşqınlıq və fikir ayrılığı yaranıb. Çox təəssüflər olsun ki, Azərbaycanın inkişafı, Bakıda \"Avroviziya\" kimi möhtəşəm yarışın keçirilməsi və ölkəyə xeyli sayda qonaqların gəlməsi bir çox dövlətləri, o cümlədən İranı qısqandırır. Azərbaycan potensialını kifayət qədər göstərməyə qadir dövlətdir. İrandan da Azərbaycana çox sayda turist gəlir. Onlar burada inkişafı görürlər. İran da bunu qəbul edə bilmir. Azərbaycanın daxili işlərinə qarışanlara hər zaman adekvat reaksiya veriləcək. Bizim müstəqil siyasətimizə heç kəs qarışa bilməz".

İran tərəfinin Azərbaycanda dini abidələrin təhqir olunmasına dair iddialarına da münasibət bildirən E.Abdullayev deyib ki, təhqir olunmuş abidələr Azərbaycana məxsusdur və Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə dağıdılaraq təhqir olunur: "Bu cür abidələrin sayı yüzlərlədir. Amma bu vaxta kimi İrandan heç bir etiraz bildirilməyib".

Elman Abdullayev İran mətbuatında ölkəmizin Təbrizdəki konsulluğuna hücum olunması ehtimalı ilə bağlı xəbərləridə şərh edib. O qeyd edib ki, Azərbaycan xaricdəki diplomatik missiyalarının təhlükəsizliyinə diqqətlə yanaşır: "Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliyin təhlükəsizliyi yerləşdiyi ölkə tərəfindən təmin olunur. Azərbaycan da öz diplomatik missiyasının təhlükəsizliyinin təmin olunması üçün müəyyən addımlar atır".

Bütün xəbərlər Facebook səhifəmizdə