Almaniyada “Frankfurtu işğal et” aksiyasının 400 fəalı həbs edilib - FOTOLAR
Bu gün Frankfurt-Mayn şəhərində keçirilən nümayişdə polis qüvvələri ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. SİA-nın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, 400-ə yaxın aksiya iştirakçısı həbs edilib. Məlumatda deyilir ki, şəhərin mərkəzində tutulanlar "Frankfurtu işğal et" (Occupy Frankfurt) hərəkatının fəalları olub.
Hakimiyyət orqanlarının verdiyi məlumatda deyilir ki, aksiyada min nəfərdən çox adam iştirak edib. Polis həbsə fəalların barrikada qurmağa, yol işarələrini sındırmağa, oturaq aksiya keçirməyə hazırlaşdığı bir vaxtda başlayıb. Nümayişçilər bununla Avropa Mərkəzi bankının Frankfurtdakı mərkəzi ofisinə giriş-çıxışı məhdudlaşdırmaq istəyiblər. Hərəkat iştirakçılarına qarşı mübarizəyə təqribən 5 min polis cəlb olunub
Avropa Mərkəzi bankının yaxınlığında hərəkat fəallarının qurduğu düşərgə yerli hakimiyyət tərəfindən hələ çərşənbə günü ləğv olunsa da aksiya iştirakçıları çadır və barrikadaları yenidən qura bilmişdilər.
Nümayişçilərin düşərgəsini xüsusi amansızlıqla dağıdan polis qüvvələri xeyli sayda hərəkat fəalını həbs etsə də sonradan onları azadlığa buraxıb. Qarşıdurma nəticəsində ciddi bədən xəsarəti alan olmasa da fəallar onlara mənəvi ziyan dəydiyini, hüquqlarının ciddi şəkildə pozulduğunu, söz azadlığına ciddi maneə törədildiyini bildiriblər.
Qeyd edək ki, "Frankfurtu işğal et" hərəkatı ABŞ-da yaradılmış Occupy Wall Street təşkilatının oxşarıdır, həmfikridir. Onlar kapitalizmin yeni modelinin – dağıdıcı və ədalətsiz formasının əlehinə mübarizə aparırlar. Occupy təşkilatının üzvləri bütün dünyada iri bank və şirkətlərin yürütdüyü siyasətə qarşıdırlar, "böyük sosial ədalət" axtarırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB