ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi AnjeyKaspşik Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına görə Azərbaycan xalqının səbrinin tükəndiyini bəyan edib. Həmsədrlər bölgəyə səfərlərindən sonra qəbul etdikləri bəyanatda tərəfləri qisasçılıqdan çəkinməyə dəvət ediblər. Bəyanatın təsirini və bundan sonrakı gözləntiləri siyasi elmlər doktoru Cümşüd Nuriyev Səs Tv-yə müsahibəsində açıqlayıb. "Gündəm" rubrikasının qonağı olan elmlər doktoru eyni zamanda, MDB dövlət başçılarının qeyri-rəsmi görüşü və bir sıra digər məsələlərə də aydınlıq gətirib.
- Cümşüd müəllim, ilk olaraq Kaspşikin bəyanatı haqda fikrinizi bilmək istərdik. Bu bəyanata əsasən deyə bilərikmi ki, artıq beynəlxalq təşkilatlar da Azərbaycanın səbrinin tükəndiyini və status-kvonun saxlanılmasına seyirci qalmayacağını bilirlər?
- Bu bəyanatın gündəmə gətirilməsinin bir sıra tutarlı səbəbləri var. Hadisələri siyasi təhlil edən zaman bu səbəblər açıq-aşkar görünür. İlk olaraq qeyd edim ki, hər şeydən öncə Azərbaycanın BMT TŞ-nın qeyri daimi üzvü kimi bu məsələni gündəmə gətirməsi əsas səbəblər sırasındadır. Eyni zamanda ölkə prezidenti İlham Əliyev də çıxışı zamanı dəfələrlə hazırki \"status-kvo\" vəziyyətinin Azərbaycanı qane etmədiyini bəyan edib. Digər bir tərəfdən də, ATƏT-in həmsədri olan ölkələrin ikisinin prezidenti dəyişib. Belə olan halda, yeni seçilmiş prezidentlər fərqli yanaşma tərzini göstərmək məcburiyyətindədirlər. Məhz Kaspşikin fikrinin dəyişməsinin əsas səbəblərindən biri də Azərbaycanda keçiriləcək Eurovision mahnı müsabiqəsidir. Çünki artıq xarici nümayəndələr Azərbaycandadır. Onlar bu günə kimi eşitdiklərinin xarici mətbuatda oxuduqlarının tamamilə əksi olan həqiqətləri görürlər. Buna görə də xarici nümayəndələr həm medianı, həm də Azərbaycandan bu yalan informasiyanı verənləri günahlandırırlar. Bildiyiniz kimi, Qərbin Rusiya ilə kifayət qədər problemləri var. Rusiyada Putinin hakimiyyətə gəlməsi və \"Avrasiya\" adı ilə yeni bir qurumun formalaşdırılması ATƏT-i narahat edir. Çünki bu qurum Avropa İttifaqına alternativdir. Əslində burada SSRİ-nin bərpasından söhbət getmir. Sadəcə yeni bir qurum yaranır və bu son dərəcə güclü qurum olacaq. Bunu da gördüklərinə görə, çalışırlar ki, həmin qurum formalaşmasın. Çünki həmin qurumun formalaşmasının Azərbaycanın ərazi bütövlüyünün bərpası demək olduğunu yaxşı bilirlər. Ona görə də ATƏT öz missiyasını əldən vermək istəmir. Bütün bunları deməkdə məqsədim odur ki, biz Kaspşikin bəyanatına arxayın olmalı deyilik. Çünki onun fikirləri populist düşüncə kimi qalır. Özünü əməldə doğrultmayana kimi ATƏT-in verdiyi bütün bəyanatlara münasibətimiz eynidir.
- MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirildi. Çoxları bunu Rusiya prezidentinin hakimiyyətə gəldikdən sonra özünütəqdimat və özünütəsdiqi kimi qiymətləndirdilər. Sizcə bu necədir?
- Putin elə 2000-ci ildən özünütəstiqlə məşğuldur. Onun yenidən özünü göstərə bilməsi üçün hansısa addım atmasına elə də gərək yoxdur. Əslində, burada sivil bir yolla dövlət çevrilişi baş verdi. Bu məsələyə müxtəlif cür yanaşmalar olsa da, qərb dünyası Putinin dönüşünün möhtəşəm olacağını qeyd edirdi. Hətta nəzərinizə çatdırım ki, ABŞ dünyanı idarə edən bir dövlət olsa da, öz siyasətini Rusiya ilə uyğunlaşdırmağa bir növ məcburdur. Bəlkə Rusiya hələ ki, o qədər gücə sahib deyil, lakin ABŞ-ın da Rusiyanı təhdid etmə imkanları məhduddur. Əgər 10 il əvvəl ABŞ bu gücə malik idisə, indi o gücə malik deyil. Rusiyada son vaxtlarda keçirilən aksiyalar, etirazlar görüntü xətrinə olan hadisələrdir. Əslində, Rusiya 2-3 il ərzində dünyada ABŞ-ın yeganə alternativinə çevriləcək. Hazırda ABŞ-ın Rusiyaya nə təsir, nə də təzyiq imkanları mövcud deyil. Çünki qarşıdan gələn prezident seçkiləri ölkədə bir sıra qarşıdurmaların yaranmasına səbəb olub.
- Cümşüd müəllim, Azərbaycan ümumdünya ticarət təşkilatına daxil olmalıdırmı? Sizcə, burada olmamağımız bizim üçün xeyiri nədir?
- Azərbaycan aqrar-sənaye ölkəsidir və müasir texnologiya o qədər də üstün təmin edilməyib. Bu gün Azərbaycanın modern texnologiyaları dünya standartlarına cavab verən məhsul istehsal etmir. Dünya bazarında Azərbaycan markası daşıyan məhsulumuz çox azdır. Hazırda vahid iqtisadi məkana daxil olmaq Azərbaycan üçün heç bir təhlükə törətmir. Bunu da iqtisadiyyatdan anlayışı olmayan insanlar deyir. Çünki Azərbaycana daha böyük bazarlara giriş əldə etmək lazımdır ki, oradakı rəqabətlə öz sənayesini təkmilləşdirsin. Bu gün ölkəmizdə istehsal olunan məhsulun xarici bazarlara çıxa bilməməsi bizə heç bir xeyir gətirmir. Ümumi bazar prinsipinə görə, Azərbaycanın ümumdünya ticarət təşkilatına daxil olması önəmlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB