Azərbaycan XİN-i ölkəmizin Təbrizdəki baş konsulluğu qarşısında aksiyaların keçirilməsindən narahatdır
Azərbaycanla İran arasında qədim tarixi mədəni əlaqələr mövcuddur. SİA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib. XİN-nin rəsmisi son zamanlar Azərbaycanın Təbrizdəki baş konsulluğu qarşısında aksiyaların artmasına münasibət bildirib: "Azərbaycanın Təbrizdəki baş konsulluğu qarşısında aksiyaların artması ilə bağlı öz narahatlığımızı bildiririk və təəssüflənirik ki, bu cür aksiyaların arxasında Azərbaycan və İran arasındakı münasibətlərə xələl vuran qüvvələr dayanıb və bu dairələr Azərbaycanla İranın münasibətlərinin inkişafında maraqlı deyillər".
Azərbaycan rəhbərliyinin qəbul etdiyi qərarların Azərbaycan xalqının maraqlarına xidmət etdiyini deyən E. Abdullayev bildirib ki, qonşu ölkələrlə münasibətlərimizi mehriban qonşuluq prinsplərinə əsasən qururuq: "Heç bir ölkə bir-birinin işinə qarışmamalıdır və Azərbaycan bu prinsiplərə sadiqdir. Bir daha bəyan edirik ki, Azərbaycanın qəbul etdiyi qərarlar tam müstəqildir. Bu gün Azərbaycan artıq 20 il bundan öncə olan Azərbaycan deyil, bu gün Azərbaycan dünya ictimaiyyəti tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunan, beynəlxalq arenada özünəməxsus çəkisi olan bir ölkədir\".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan E. Abdullayev : "Regionun inkişafına mane olan ən böyük əngəl Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətidir. Məhz bu münaqişəyə görə regionun inkişafına əngəl törədilir. Bu baxımdan artıq dünya ictimaiyyəti Azərbaycanın mövqeyini tam dəstəkləyir, xüsusilə Xocalı soyqırımı bir çox ölkələrin parlamentləri tərəfindən tanınıb. Müsəlman aləmi, xüsusən İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan xalqının faciələri və Ermənistanın işğal ilə bağlı müxtəlif vaxtlarda bir sıra qətnamələr qəbul edib, bu problemə biganə olmadığını sənədlərlə vurğulayıb. Təəssüf olsun ki, Azərbaycan və İran arasında münasibətlərin inkişafında maraqlı olmayan dairələr Azərbaycan xalqına qarşı cinayət törədənləri qınamaq əvəzinə, ikitərəfli münasibətlərimizə xələl vururlar",-deyə o bildirib.
Qeyd edək ki, Azərbaycanın Təbrizdəki baş konsulluğunun qarşısında mayın 8-də etiraz aksiyası keçirilib. Əllərində " Hizbullahı"ın bayraqları olan bir qrup şəxs Bakıda gey paradın keçiriləcəyini iddia edərək Azərbaycanın Təbrizdəki baş konsulluğunun qarşısına toplaşıblar. Piketdə İran parlamentinin deputatı Məhəmməd İsmayıl Səidi də iştirak edərək, aksiya iştirakçılarının qarşısında Azərbaycanda keçiriləcək Avroviziya mahnı müsabiqəsinin əleyhinə çıxış edib.
İRİB-in yaydığı xəbərə görə, məsələ ilə bağlı Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə Təbrizin imamcüməsi, ayətullah Möhsün Müctəhid Şəbüstəri ilə görüşərək Avroviziya müsabiqəsi zamanı gey paradın keçirilməsi barədə xəbərlərin həqiqətə uyğun olmadığını deyib. Lakin Ə.Əlizadənin bu açıqlamasına baxmayaraq planlaşdırıldığı kimi mayın 8-də Azərbaycanın Təbrizdəki konsulluğunun qarşısında aksiya keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB