İlham Əliyev - Hər bir azərbaycanlının Prezidenti

Aydın Hüseynov, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri


Prezident İlham Əliyevin fəlakət bölgəsində "Gələcəyəm, yoxlayacağam, yeni evlərə köçməyinizi bir yerdə qeyd edəcəyik" deməklə, bir daha vətəndaşlarda sabaha olan inamı gücləndirdi


Məlum olduğu kimi, may ayının 7-də ölkəmizin şimal-qərb bölgəsində - Zaqatalada, Balakəndə və Qaxda zəlzələ oldu. 7 ballıq zəlzələnin episentrinin Zaqatala rayonuna düşməsi nəticəsində 3000-dək ev, məktəb, bağça və müxtəlif sosial obyektlər uçdu və ya qəzalı vəziyyətə düşdü. Ancaq Prezident İlham Əliyevin göstərişləri əsasında həyata keçirilmiş operativ tədbirlərin nəticəsində lazımi işlər görüldü, maliyyə vəsaiti ayrıldı, insanlar təhlükəsiz yerlərə köçürüldü və onların gündəlik tələbatların ödənilməsi üçün şərait yaradıldı...


Əlbəttə ki, dünyanın heç bir ölkəsi təbii fəlakətlərdən sığortalanmayıb və təbii fəlakətin dağıdıcı gücündən asılı olaraq, müxtəlif fəsadlar meydana çıxa bilər. Lakin burada əsas məqam dövlətlərin baş verən təbii fəlakətlərdən necə çıxması ilə bağlıdır. Daha dəqiq desək, planetimizin ayrı-ayrı yerlərində hər gün təbii fəlakət baş verir. Həmin təbii fəlakətlərlə bağlı informasiya kanallarından aldığımız məlumatlarda faciəli statistika və mənzərə ilə qarşılaşırıq. Amma xoşbəxtlikdən Azərbaycanda baş vermiş təbii fəlakət nəticəsində insan itkisi olmadı.


Düzdü, insanlara külli miqdarda maddi ziyan dəydi, onların evləri uçdu və ya qəzalı vəziyyətə düşdü. Lakin heç bir zaqatalının, balakənlinin və ya qaxlının simasında üzüntü görünmədi. Bunun səbəbi isə onların dövlətə və Prezident İlham Əliyevə olan inamı, həmçinin, dövlətin, dövlət başçısının hər zaman insanların yanında olmasıdır.


Hər kəsə bəllidir ki, bu gün Azərbaycan dövlətinin siyasətində əsas yeri insan amili tutur. Bu səbəbdən də, verilən qərarlarda, qəbul edilən qanunlarda ilk olaraq, Azərbaycan Respublikasının vətəndaşının maraqları nəzərə alınır, onların həyat şəraitinin yüksəldilməsi üçün yeni-yeni yollar axtarılır.


Aydındır ki, inzibati-amirlik sistemindən, planlı və direktivlərlə idarə olunan iqtisadiyyatdan bazar iqtisadiyyatına, demokratik siyasi sistemə transformasiya keçid cəmiyyətlər üçün ağrılı olsa da, bu, Azərbaycanda çox zəif hiss olunur. Bunun fundamental səbəbi isə ondan ibarətdir ki, bir çox dövlətlərdən fərqli olaraq, Azərbaycanda vətəndaşların seçdiyi milli hakimiyyət qurulub, iqtidarda yalnız xalqın maraqları üçün çalışan komanda təmsil olunur. İqtisadi, sosial və siyasi uğurların kökündə də məhz, göstərilən amil durur. Praqmatik, harizmatik, möhkəm iradəli siyasi liderin timsalında milli elitanın, güclü iqtisadiyyatın və varlı dövlət büdcəsinin mövcudluğu hər bir Azərbaycan vətəndaşında qürur və inam hissi yaradır. Məhz, Prezident İlham Əliyevin fəlakət bölgəsində vətəndaşlarla görüş keçirməsi, onların vəziyyətilə yaxından maraqlanması da bu inamın əyani təzahürü oldu.


Burada haşiyə çıxaraq, bir xatırlatma vermək istərdim: bir həftə öncə Yerevanın mərkəzində hakim partiyanın təbliğatı üçün təşkil olunmuş konsertdə baş vermiş partlayış zamanı 10-dək insanın ağır xəsarət almasına baxmayaraq, prezident Serj Sarkisyan həmin insanlarla maraqlanmadı. Bu hal bir daha sübut etdi ki, işğalçı ölkənin rəhbəri yalnız maraq qrupunun sədri kimi Ermənistana ağalıq edir.


Amma dövlətin başçısı hər bir vətəndaşın prezidenti olmalıdır. Necə ki, Prezident İlham Əliyev dəfələrlə bunu sübut etdi və bu dəfə də isbatladı.


Prezident İlham Əliyevin vətəndaşlarla açıq ünsiyyət qurması da, bütün baryerləri aradan qaldırır, insanlar da arzu və istəklərini dövlət başçısına çatdırırlar. Zəlzələnin baş verdiyi ərazidə zərərçəkmiş vətəndaşların evlərinin


yenidən tikilməsilə bağlı, Prezident İlham Əliyevdən müəyyən xahişlər etmələri də yuxarıdakı fikrimizin əyani sübutudur.


Qeyd edim ki, dünyanın heç bir yerində təbii fəlakət zamanı uçmuş və dağılmış evlərlə bağlı, dövlətlərin öhdəlikləri yoxdur. Bu, birincisi, həmin dövlətlərin büdcələrindəki kəsirlərlə əlaqəlidirsə, ikincisi, sığorta sisteminin tətbiqilə bağlıdır. Amma Azərbaycanda hələlik sığorta sistemi tam miqyasda işləməsə də, dövlət uçmuş evlərə görə, vətəndaşlar qarşısında öhdəlik götürür. Belə bir hala biz Kür-Araz bölgəsində daşqınlar zamanı da rast gəldik. Yəni, Azərbaycan dövlətinin gücü yetir ki, zərər çəkmiş hər bir vətəndaşın evini yenidən, özü də ev sahiblərinin istəyinə uyğun şəkildə tiksin. Üstəlik də, dövlət evlərin tikintisində iştirak edəcək ev sahiblərinə maaş da verəcək. Bu, Azərbaycanda sosial ədalətin bərqərar olmasıdır, ədalətin özünə yer tutmasıdır. Belə bir halla ölkəmizdən başqa dünyanın heç bir ərazisində qarşılaşmaq mümkün deyil və bundan sonra da olmayacaq.


Prezident İlham Əliyevin fəlakət bölgəsində "Gələcəyəm, yoxlayacağam, yeni evlərə köçməyinizi bir yerdə qeyd edəcəyik" deməklə, bir daha vətəndaşlarda sabaha olan inamı gücləndirdi və daha həvəslə işləməyə sövq etdi.


Düşünürəm ki, bu cür təbii fəlakətlərdən bəzi qüvvələr korporativ maraqları üçün istifadə edərək, ölkədə qarışıqlıq yaratmağa çalışsa da, hər kəs əks prosesin şahidi olacaq. Çünki, dövlətlə vətəndaşlar yenə də birgə çalışacaq, fəlakətin nəticələrini aradan qaldıracaq və ümumilikdə Azərbaycan təbiətin bu sınağından da üzü ağ çıxacaq. Müşahidə edəcəyimiz əks proses isə vətəndaş-dövlət münasibətlərinin, Xalq-iqtidar birliyinin daha da möhkəmlənəcəyilə bağlı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...