“Əl-Əhram İnternational” qəzetində Ermənistanın işğalçılıq siyasətini pisləyən məqalə dərc edilib

“Əl-Əhram İnternational” qəzetində Ermənistanın işğalçılıq siyasətini pisləyən məqalə dərc edilib

Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri Ş.Abdullayevin ərəb dünyasının nüfuzlu, gündəlik bir milyon tirajla yayımlanan "Əl-Əhram İnternational" qəzetində Ermənistan xarici işlər nazirinin müavini Savarş Köçəryanın Xocalı faciəsi ilə əlaqədar bu ölkə mətbuatında dərc etdirdiyi əsassız yazısına qarşı geniş məqaləsi yayımlanıb.

Səfirlikdən AzərTAc-a bildiriblər ki, diplomat məqalədə Xocalı faciəsinin dünya mətbuatında da geniş işıqlandırıldığını və Ermənistanın yüksək səviyyəli rəsmiləri tərəfindən də etiraf olunduğunu xatırladıb.

Qeyd edilib ki, Savarş Köçəryan faciənin törədildiyi vaxt Ermənistanın müdafiə naziri olan hazırkı Prezident S.Sarkisyanın Xocalı soyqırımı ilə əlaqədar etiraflarının üzərindən sükutla keçir. Müəllif terrorçu Monte Melkonyanın, ermənilərin ideoloqu Zori Balayanın etirafları, "Human Rights Watch" təşkilatının Xocalı faciəsi ilə bağlı hesabatı və Ermənistan Xarici İşlər Nazirliyinə göndərdiyi məktubu barədə də geniş söhbət açıb.

Səfir Ş.Abdullayev Azərbaycanın zəbt olunmuş ərazilərində, xüsusilə işğalından iyirmi il ötən Şuşa şəhərində İslam mədəniyyət abidələrinin dağıdılması və təhqir edilməsi faktlarının üzərində xüsusilə dayanıb. Özünü Ərəb-İslam dünyasının "dostu" adlandıran ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində İslam mədəniyyət və dini abidələrini məqsədyönlü və sistemli şəkildə viran qoyduqları, təhqir etdikləri, qədim Şuşa və Ağdam məscidlərini heyvan tövləsinə çevirdikləri oxucuların diqqətinə çatdırılıb. Şuşa məscidi daxil olmaqla, işğal altındakı Azərbaycan ərazilərində İslam dininə aid ibadət ocaqlarında həkk edilmiş müqəddəs "Qurani-Kərim"dən ayələrin ermənilər tərəfindən silindiyi və onların yerində erməni dilində təhqiramiz ifadələrin yazılması faktları xüsusi vurğulanıb. Bildirilib ki, bolşevik işğalı və Sovet İttifaqının ateist siyasətinə tab gətirərək mövcudluğunu qoruyub saxlayan bu dini abidələr erməni vəhşiliyinə, ağır təhqirlərə məruz qalmış, məhv edilib. Bununla bağlı İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamənin Ermənistan tərəfindən etinasızlıqla qarşılandığı da oxucuların diqqətinə çatdırılıb.

Məqalədə Ermənistanın öz çirkin əməllərinə uğursuz şəkildə bəraət qazandırmaq əvəzinə münaqişənin həlli prosesində tutduğu qeyri-konstruktiv mövqeyini dəyişmək tövsiyə olunub. Ermənistan tərəfi anlamalıdır ki, münaqişə nəticəsində təcrid olunmuş, tənəzzülə uğrayan, vətəndaşları yalnız mühacirət arzusu ilə yaşayan bir dövlətə çevrilib.

Yazıda Azərbaycanın işğal olunmuş ərazilərində məscidlərin dağıdılmasını və heyvan tövləsinə çevrilməsini əks etdirən fotoşəkillər də yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə