Əkbər Qoşalı: \"Azərbaycan öhdəsinə götürdüyü ciddi bir məsuliyyətlə qarşı-qarşıyadır\" MÜSAHİBƏ (Səs TV)

Əkbər Qoşalı: \"Azərbaycan öhdəsinə götürdüyü ciddi bir məsuliyyətlə qarşı-qarşıyadır\" MÜSAHİBƏ (Səs TV)

"Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsinə 12 gün qalıb. Buna baxmayaraq daxili və xarici qüvvələr arasında hələ də bəzi dezinformasiyalar səsləndirilir, sanki son anlarda belə uğurumuza kölgə salmaq üçün fürsət güdürlər. Məsələ isə bağlı Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı Səs TV-yə müsahibə verib.

- Eurovision mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi Ukrayna, İran, Almaniya kimi bəzi dövlətləri narahat edir. Bununla yanaşı bu uğurumuzdan narahat olan daxili qüvvələr də az deyil. Sizcə, bu narahatçılıq nə ilə əlaqədardır?

- Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməsinin bəzi dövlətlər tərəfindən bu cür qarşılanması əslində normal haldır. Xüsusən də bu cərgədə İranın adı qeyd edilməlidir. Çünki Azərbaycanın qazandığı ən adi uğurlar belə İranı ciddi narahat edir. Almaniya bu dövlətlər arasında təəccüb doğura bilər. Çünki bundan əvvəlki Eurovision müsabiqəsinə ev sahibliyi etmiş güclü bir dövlət olaraq müstəqilliyini qazanmış gənc bir dövlətin belə bir uğura imza atmasını və qısa zaman ərzində bütün hazırlıq işlərini başa çatdırmasını əslində alqışlamalı idi. Lakin biz gözləntilərimizdən fərqli olaraq tamamilə əks münasibətlə qarşı-qarşıyayıq. Fransa isə çox da müzakirə etməyə dəyən bir siyasət yeritmir. Çünki həm Fransanın, həm də prezidentliyi dövründə Sarkozinin siyasəti anti-türk, anti-müsəlman ideyalarına xidmət edirdi. Bu da bu gün özünü açıq-aşkar biruzə verir.

- Maraqlıdır, Türkiyədə də Euriovision mahnı müsabiqəsi keçirilmişdi. Lakin İran buna ümumiyyətlə, münasibət bildirməmişdi. Bu nə ilə izah edilə bilər?

-Bu birbaşa İranın öz mənafeyi ilə əlaqədardır. Belə ki, İranın o vaxtlar içində olduğu beynəlxalq vəziyyətlə bugünkü vəziyyət tamamilə fərqlidir. İran hazırda çabalamaqdadır. Bu gün İran iqtisadi, siyasi, sosial, ideoloji cəhətdən beynəlxalq aləmdə can verir. İran özünü həm dünyadan, həm müsəlman aləmindən, həm də hərtərəfli qonşuluq əlaqələrindən təcrid etmiş haldadır. Təbii ki, burada tək istisna Ermənistandır. Lakin, hesab edirəm ki, İranla Ermənistan arasındakı \"səmimiyyət\"in kökləri hamımıza məlumdur. Eurovision ərəfəsində Azərbaycana ünvanlanan iradlar, təhdidlər və tənqidlər də məhz İranın nə qədər acınacaqlı vəziyyətdə olduğunu göstərir. Eurovision mədəniyyət hadisəsidir. İran isə heç bir zaman belə mədəniyyət festivalında iştirak etməyib. Azərbaycanla İran arasındakı fərqlər bütün dünyaya məlumdur. Bizim dövlətimiz dini deyil, dünyəvi dövlətdir. Eyni zamanda biz milli mənsubiyyətimizə də, dinimizə də kifayət qədər hörmətlə yanaşırıq. Beynəlxalq aləmdə Azərbaycanın sahib olduğu imkanlar göz qabağındadır. Yəni Eurovisionun Azərbaycanda keçirilməsi də məhz beynəlxalq aləmdə ölkəmizə olan inamın göstəricisidir. Belə bir məqamda İranın ölkəmizə olan qərəzli düşüncələri yalnız özünün ağır vəziyyətindən xəbər verir.

- Eurovisionun keçirilməsi üçün tikilən məkanın hazırlanması üçün külli miqdarda vəsait xərcləndiyi xəbərləri yayılır. Sizcə, bu cür dezinformasiyaları yayanların məqsədləri nədir?

-Ümumiyyətlə, Eurovision üçün xərclənən vəsaitin miqdarı ətrafında bu cür fikir müzakirələri məqbul hesab olunmur. Çünki əvvəla, biz ilk dəfədir ki, bu cür genişmiqyaslı tədbirə ev sahibliyi edirik və təbii ki, bizim xərclərimiz digər ölkələrə nisbətən çox olmalı idi. Məsələn, Almaniya və bir sıra digər Avropa ölkələri bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi ediblər. Azərbaycanda isə belə tədbirlərin keçirilməsi vərdişi yeni-yeni yaranır. Bu gün Eurovision mahnı müsabiqəsinin keçirilməsi üçün tikilən məkanın xərcləri çox olsa belə, bunu sanki əldə bayraqmış kimi gəzdirmək gərəksizdir. Hər halda bu xərc də, görülən işlər də ölkəmizin beynəlxalq aləmdə layiqincə təmsil olunmasına hesablanıb. Bütün tədbirlər birmənalı surətdə xalqımız üçün görülür və onları beynəlxalq aləmdə təmsil edir. Məsələn, əgər ölkəmiz bir daha belə bir müsabiqəyə ev sahibliyi etsə, təbii ki, eyni vəsait xərclənməyəcək. Çünki artıq ən azından məkan hazırdır. Bu gün dövlətimiz ciddi məsuliyyətləri boynuna götürüb bunun öhdəsindən gələ bilirsə, özünü dost hesab edən bütün dövlətlər bununla fərəhlənməlidir. Yəni Azərbaycanı səbəbsiz bəhanələrlə tənqid etməkdənsə, bu cür məsuliyyətlə layihələrin öhdəsindən gəldiyinə görə ölkəmizin adını uğurlu məqamlarda xüsusi qeyd etməlidirlər. Azərbaycanın heç bir ölkədən yardım almadan, öz daxili imkanları hesabına bu qədər böyük uğurlara imza atması sadəcə alqışlanmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə