Vaşinqtonda Şuşa şəhərinin işğalının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
11 may 2012-ci il tarixində Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən Vaşinqtonda yerləşən və Almaniya dövlətinin dəstəyi ilə fəaliyyət göstərən Alman Mədəniyyət Mərkəzində Şuşa şəhərinin işğalının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Səfirlikdən SİA-ya verilən xəbərə görə, tədbirdə ABŞ cəmiyyətinin, habelə Azərbaycan-Türk diasporunun nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərtac Dövlət Teleqraf Agentliyinin Vaşinqtondakı nümayəndəsi Şəfəq Mehralıyeva açaraq, Şuşanın Azərbaycan tarixində və mədəniyyətində tutduğu yerdən bəhs etmişdir. Ş. Mehraliyeva xüsusilə qeyd edib ki, Şuşanın bizim regionumuzdakı rolu, Güdsün Yaxın Şərq regionunda tutduğu rola bərabərdir. O, özünün işğal altında olan Ağdam rayonundan olduğunu və öz yurdundan didərgin düşmənin nə demək olduğunu çox yaxşı bildiyini qeyd edib. Ş. Mehraliyeva buğun vətəndən uzaqda yaşamasına baxmayaraq, işğal altındakı evlərinin, həyət-bacalarının, torpaqlarının həsrəti ilə yaşadığını, həmin torpaqlara qayıtmağı səbirsizlə gözlədiyini demiş və bunun reallaşacağına olan inamını ifadə edib.
Daha sonra əslən şuşalı olan, hal-hazırda Vaşinqtonda təhsil Pənah İbrahimov çıxış edib. O, Şuşa işğal olunarkən 7 yaşında olduğunu demiş və Şuşa ilə bağlı xatirələrini iştirakçılarla bölüşüb. P.İbrahimov Şuşanın canlı mədəni və intellektual mühitini, gözəl və səfalı təbiətini, sülhsevər insanlarını hələ də yaxşı xatırladığını və dünyanın heç birində bunların əvəz olunmasının mümkün olmadığını qeyd edib. O, hər şeyə baxmayaraq, Şuşaya qayıdacağına şübhə etmədiyini qeyd demiş və gənc nəslin bu inama sahib olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycan torpaqlarının Ermənistanın silahlı qüvvələrinin işğalı altında olmasına baxmayaraq, Ermənistanın əslində məğlub vəziyyətdə olduğunu və günü-gündən zəiflədiyini deyib. Azərbaycan isə artıq 20 il əvvəlki Azərbaycan deyildir. Azərbaycanın günü-gündən artan qüdrəti, dinamik inkişaf edən iqtisadiyyatı və güclü ordusu ilə Ermənistanı dəfələrlə üstələdiyini vurğulamışdır. Səfir cari ilin may ərzində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin BMT Təhlükəsizlik Şurasına rəhbərlik etməsinin Ermənistan və Azərbaycan arasındakı fərqi göstərmək baxımından həm də simvolik əhəmiyyət daşıdığını qeyd edib. E. Süleymanov qeyd edib ki, Şuşanın işğalının və etnik təmizləmə siyasətinin Ermənistan tərəfindən təntənəli qeyd olunması Ermənistanın öz gələcəyinə zərbə vurur. O, bu məqamın artıq Ermənistanın rifahını düşünən bəzi ermənilər tərəfindən də qəbul edildiyini qeyd edib. E. Süleymanov Şuşanın bütün işğal altındakı ərazilər üçün simvolik əhəmiyyətinin olduğunu demiş və Şuşanın, eləcə də bütün işğal olunmuş ərazilərin azad olunacağına olan qəti inamını ifadə edib.
Eyni zamanda, tədbir iştirakçıları ABŞ-da yaşayan azərbaycanlı rəssam Yavər Rzayevin "Qarabağ: mənim yaddaşımda" ("Karabagh: on my mind") adlı sərgisi ilə tanış olublar. Əslən işğal altındakı Ağdam rayonundan olan Yavər Rzayevin Qarabağla bağlı mənzərə rəsmləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda tədbir iştirakçıları "Fəryad" filminin xüsusi olaraq ingilis dilinə tərcümə olunmuş versiyasına baxıblar. Müharibənin bir sıra məqamlarına aydınlıq gətirən film iştirakçılarda böyük təəssürat yaradib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB