\"Serj Sarkisyan Xocalı soyqırımının törədilməsində əsas rol oynayan bir cinayətkardır\" - FOTO

\"Serj Sarkisyan Xocalı soyqırımının törədilməsində əsas rol oynayan bir cinayətkardır\" - FOTO

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, "Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri Qənirə Paşayeva Şuşanın işğalı ilə bağlı TRT, TRT Haber, TRT AVAZ, İhlas Xəbər agentliyinə, Anadolu agentliyinə geniş müsahibələr verib. SİA-nın verdiyi məlumata görə, millət vəkili bildirib ki, TRT AVAZIN "Studio Avaz" proqramının canlı yayımında Ermənistanın Şuşada və ümumiyyətlə Qarabağda törətdiyi vandalism aktları ilə bağlı çıxış edib və canlı yayım zamanı "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin hazırladığı "Dağıdılmış mədəniyyət beşiyi – Şuşa" və Xocavənd Rayon İcra Hakimiyyətinin hazırladığı "Ruhum Qarabağlıdır" filmlərindən hissələr nümayiş olunub. Yaxın günlərdə isə "Dağıdılmış mədəniyyət beşiyi – Şuşa"filmi TRT AVAZ-da nümayiş olunacaq.


Millət vəkili Qənirə Paşayeva çıxışlarında Şuşanın 20 ildir Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayaraq bunları söyləyib: "Şuşada yaşanan dəhşətlərə dünya laqeyid yanaşır. Amma biz bunun belə davam etməsinə imkan verməməliyik və verməyəcəyik. AŞ, BMT kimi beynəlxalq təşkilatların Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin Ermənistan bu qərarların heç birini həyata keçirmir. Amma buna baxmayaraq Ermənistana qarşı təzyiq göstərmirlər".


Millət vəkili Qənirə Paşayeva Ermənistanda keçirilən son parlament seçkiləri ilə bağlı jurnalistlərin suallarını da cavablandırıb. O deyib ki, Serj Sarkisyanın rəhbərlik etdiyi partiyanın təkrar seçilməsi ilə, iqtidarda qalması ilə bölgədə vəziyyət daha da gərginləşəcək. Ermənistandakı rejimin qatil bir rejim olduğunu söyləyən Qənirə Paşayeva Ermənistanın bugünkü rejiminin işğalçı, soyqırımlar edən bir rejim olduğunu qeyd edib: "Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan torpaqlarının işğalında, Xocalı soyqırımının törədilməsində əsas rol oynayan bir cinayətkardır. Təəssüf ki, Sarkisyan iqtidarı da qaldıqca, bölgədə vəziyyət daha da gərginləşəcək. Doğrudur, Ermənistan siyasətində olan şəxslərin hamısı demək olar ki, Qarabağ məsələsində eyni zehniyyətdədirlər. Sarkisyan isə ən radikallarındandır. Ona görə də onun iqtidarı dönəmində problemin həlli istiqamətində addım atacağını gözləmirəm. Tam əksi, bölgədə vəziyyəti daha da gərginləşdirəcək addımlar atacağını indidən proqnozlaşdırmaq olar".


Millət vəkili Qənirə Paşayeva müsahibə və çıxışlarında Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında o cümlədən qədim Şuşada törətdiyi vandalizm aktları, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar da verib. O, bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın Şuşada törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. "Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir", – Qənirə Paşayeva deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə