Milli Məclisin vitse-spikeri Bahar Muradova Batumiyə səfər edəcək

Milli Məclisin vitse-spikeri Bahar Muradova Batumiyə səfər edəcək

Gürcüstanın Batumi şəhərində "ATƏT regionunda iqtisadi əməkdaşlığın və sabitliyin möhkəmləndirilməsi" mövzusunda iqtisadi konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, konfransda iştirak etmək üçün mayın 11-də Milli Məclisin sədr müavini Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyəti Batumiyə səfər edəcək. Nümayəndə heyətinə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov və deputat Azay Quliyev daxildirlər.


Tədbirin açılışında ATƏT PA-nın sədri Petros Eftimiu, Gürcüstan Prezidenti Mixail Saakaşvili və Gürcüstan parlamentinin sədri David Bakradze iştirak edəcək. ATƏT-in Parlament Assambleyasının təşkil etdiyi konfransda regional iqtisadi əməkdaşlığın fasiləsiz inkişafında və möhkəmləndirilməsində qurumun roluna nəzər salınacaq.

İşgüzar investisiya mühitinin yaradılması, korrupsiya ilə mübarizə, nəqliyyat infrastrukturunun genişləndirilməsi, turizmin inkişafı perspektivlərinə dair fikir mübadiləsi aparılacaq. İqtisadiyyat və ekologiya sahələrində əməkdaşlığın genişləndirilməsi vasitəsilə ATƏT regionunda sülhün və etimadın möhkəmləndirilməsi diqqət mərkəzində olacaq.

Əmək miqrasiyası ilə əlaqədar Ümumdünya Əmək Təşkilatının fəaliyyəti müzakirə ediləcək.
Dörd sessiyada davam etdiriləcək müzakirələrdə regional əməkdaşlığı genişləndirməyin ən səmərəli metodları araşdırılacaq. Konfrans ATƏT regionunda iqtisadi təhlükəsizlik və səmərəlilik məsələlərinə xüsusi diqqət yetirəcək.Məruzə və çıxışlarda enerji ehtiyatlarının daşınma marşrutlarının, bərpa edilən enerjinin təhlükəsizliyi məsələlərinə də toxunulacaq. Kiçik və orta müəssisələrin inkişaf yolları barədə fikir mübadiləsi aparılacaq.

Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova, eləcə də nümayəndə heyətinin üzvləri iqtisadi konfransın bütün sessiyalarında yaxından iştirak edəcək, təkliflərini qurum üzvlərinin nəzərinə çatdıracaqlar.

Parlamentarilər müzakirə olunan məsələlərə Azərbaycanın maraqları mövqeyindən münasibət bildirəcəklər. Səfər mayın 15-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə