Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı YAP Yevlax rayon Təşkilatı tədbir keçirib - FOTO

Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı YAP Yevlax rayon Təşkilatı tədbir keçirib - FOTO

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı Yevlax şəhər İcra Hakimiyyəti və YAP Yevlax rayon Təşkilatının tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev açıb. Natiq qeyd edib ki, Ümummilli lider, böyük şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyev işğal altında olan torpaqlarımızın sülh yolu ilə azad edilməsi üçün əzmlə mübarizə aparıb: \"Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu siyasəti ardıcıl və geniş şəkildə davam etdirir. Prezident İlham Əliyev dəfələrlə birmənalı şəkildə təkrar edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmamış, heç bir danışıqdan söhbət gedə bilməz\".

Sonra çıxış edən Şuşa şəhərindən məcburi köçkünlər Fazil Məmmədov və Roza Həsənova Şuşa xatirələrindən söz açıblar. Köçkünlük dövrü başlarına gələn müsibəti dilə gətirməklə onlar insanların qəlbində düşmənə nifrət hissini bir daha aşılamış oldular.

Çıxış edən gənc partiya fəalları Rəşad Əsədov, Günel Süleymanzadə, Türkan Əliyeva, Elşad Vəliyev və başqaları vurğulayıblar ki, bizim vətən qarşısında müqəddəs borcumuzdur ki, bir zamanlar Xanın səsi havalanan Şuşada Azərbaycan bayrağını asaq: \"Şuşadan uzaqda dünyaya göz açan körpələrimiz Şuşanı tanımalıdır, onlara Şuşanı tanıtmalıyıq. Bu işdə hər bir Azərbaycanlı gənc öz bacardığını etməlidir\".

Sonda çıxış edən Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavinləri Qənimət Qaraşov və Zərifə Məmmədova şuşalılara baş vermiş bu hadisəyə görə, başsağlığı verərək onlara güclü və inamlı olmağı arzulayıblar.

Natiqlər həmçinin xüsusi vurğulayıblar ki, erməni faşistləri başqalarının köməyi ilə zəbt etdikləri torpaqlarımızı, şəhərlərimizi, o cümlədən doğma Şuşamızı sülh yolu ilə tərk etməlidirlər. Əks təqdirdə Azərbaycan xalqı və onun rəşadətli ordusu düşməni məhv edərək öz torpaqlarını azad edəcəkdir.

Sonda musiqi məktəbinin şagirdlərinin ifasında Qarabağ Şikəstəsi musiqisi ilə tədbirə yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə