Cəbhə bölgəsində Şuşanın işğalının ildönümü qeyd edilib

Cəbhə bölgəsində Şuşanın işğalının ildönümü qeyd edilib

Qarabağ müharibəsindən sonra köçkünlük həyatı yaşayan Şuşa rayon Polis Şöbəsi öz xidməti vəzifəsini cəbhə bölgəsində aparır. Şuşa rayon Polis Şöbəsinin Tərtər rayonunun Borsunlu kəndi yaxınlığındakı xidmət ərazisində Şuşa şəhərinin işğalının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. SİA-nın Qarabağ bürosunun vediyi xəbərə görə, tədbirdə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin və Azərbaycan Parlament Jurnalistləri Birliyinin üzvləri, millət vəkilləri, Tərtər və Şuşa rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Şuşa şəhərinin işğalı və Qarabağ müharibəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib. Tədbirdə iştirak edən Milli Məclisin deputatı Flora Qasımova bildirib ki, şuşalılar doğma torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyir, Şuşanı azad etmək amalı ilə yaşayırlar.


Tədbir iştirakçıları Şuşa rayon polis şöbəsinin əməkdaşlarının erməni işğalçılarına qarşı apardığı mübarizədən, keçdiyi şərəfli döyüş yolundan danışıblar. Erməni işğalçılarına qarşı Şuşa rayon polis şöbəsinin əməkdaşları da qəhrəmanlıqla mübarizə aparıb, onlardan 32 nəfəri şəhid olub. Tədbirdə həmçinin bildirilib ki, hər bir azərbaycanlı kimi şuşalılar da Ali Baş Komandanın əmri ilə ermənilərə qarşı silaha sarılmağa hazırdırlar.

Qeyd edək ki, tədbirin sonunda məktəbli şagirdlər işğal altında olan doğma şəhərlərinə aid şerlər söyləyib, təmas xəttində xidmət edən polis işçilərinə hədiyyələr təqdim ediblər.



Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə