Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə elmi sessiya keçirilib

Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə elmi sessiya keçirilib

Ümummilli lider, ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünü bütün ölkə ictimaiyyəti kimi, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi də böyük ehtiramla qeyd edir. SİA-nın məlumatına görə, bu gün Şərqşünaslıq İnstitutunda bu münasibətlə elmi sessiya keçirilib. İnstitutun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva çıxışında ulu öndərin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışıb: "Heydər Əliyev Azərbaycan tarixində müstəsna rolu olan şəxsiyyətdir. Azərbaycanın tarixinin 40 ili ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət kimi düşüb. Onun həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycan xalqına xidmətləri əvəzsizdir. Mən onu ən böyük azərbaycanlı, ən böyük vətənpərvər hesab edirəm" deyə, millət vəkili qeyd edib.

Müstəqil Azərbaycanın rəhbərliyinə xalqın tələbi ilə respublikanın ən çətin vaxtında gələn Heydər Əliyevin qısa müddətdə ictimai asayişin bərpasına nail olduğunu deyən Gövhər Baxşəliyeva, ulu öndərin xalqda gələcəyə böyük inam yaratdığını, ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoyduğunu qeyd edib.

G.Baxşəliyeva Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib. İnstitutun rəhbəri bu gün də ulu öndərin yolunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd edib.

Daha sonra institutun əməkdaşlarından filologiya üzrə fəlsəfə doktorları Cabbar Cəlilov, Xalidə Quliyeva-Qafqazlı, tarix üzrə fəlsəfə doktorları Vidadi Mustafayev və İsmayıl Əsədov məruzə edərək, ulu öndərin Azərbaycan xalqının həyatında və elmimizin inkişafında müstəsna xidmətlərindən söz açıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə