Aqşin Mehdiyev: “Biz Qarabağ münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün istənilən fürsətdən istifadə edəcəyik”

"Azərbaycanın ərazisində xarici hərbi baza yoxdur". SİA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu Azərbaycanın BMT-də daimi nümayəndəsi, BMT Təhlükəsizlik Şurasının qüvvədə olan prezidenti Aqşin Mehdiyev keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycan hərbi sahədə bir çox ölkələrlə əməkdaşlıq edir: "Lakin ölkəmizin prinsipial mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan ərazisində xarici hərbi baza yoxdur".

Aqşın Mehdiyev həmçinin Ermənistan tərəfindən işğal edilmiş ərazilər haqqında məsələnin TŞ-da müzakirəyə çıxarılmasına da toxunub: " Hələlik mən bu məsələnin BMT TŞ gündəliyinə salınması barədə Azərbaycan hökümətindən göstəriş almamışam. Ancaq bu məsələ daima gündəliyimizdədir. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün istənilən fürsətdən istifadə edəcəyik".

Səfir həmçinin TŞ-nin may ayı üçün proqramını təqdim edib: "Bu gün BMT-nin qərargahında Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə terrorizmlə mübarizəyə dair TŞ-nin iclası keçiriləcək. Mayın 10-da TŞ-nin Liviyaya dair brifinqi, 14-də Kosovo ilə bağlı, mayın 15-də isə Bosniya Hersoqovinyaya dair iclası keçiriləcək. Həmin gün Somali ilə bağlı məsləhətləşmələr baş tutacaq. Mayın 29-da TŞ-nin Yaxın Şərqlə bağlı brifinqi olacaq və Yəmənə dair məsləhətləşmələr aparılacaq. May ayının 2-ci yarısında TŞ-nin üzvlərinin Qərbi Afrikaya səfəri planlaşdırılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...