Bu gündən Azərbaycana bəzi avtomobillərin gətirilməsi qadağan olunur

Bu gündən Azərbaycana bəzi avtomobillərin gətirilməsi qadağan olunur

Bu gündən etibarən Azərbaycana bəzi avtomobillərin gətirilməsi qadağası qüvvəyə minir. SİA-nın xəbərinə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiq etdiyi "Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırma qaydası" "AZS 635-2012" dövlət standartının tələblərinə əsasən mayın 1-dən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyatı vasitələrində (tam ötürücü transmissiyalılar istisna olmaqla) ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı (airbag) olmalıdır. Bu tələblərə cavab verməyən avtomobillərin Azərbaycana idxalına və Azərbaycanda istehsalına icazə verilməyəcək. Bu qayda hazırda istifadədə olan minik avtomobillərinə tətbiq edilməyəcək.

Yeni qaydaların tətbiqində əsas məqsəd insanların təhlükəsizliyini qorumaqdır. Çünki ABS sistemi olmayan avtomobillərdə əyləc sistemini basanda avtomobil sürüşür. Ancaq ABS sistemi olan avtomobilləri saxlamaq istəyəndə yarım saniyədən sonra ritmə uyğun olaraq əyləc sistemi basılır və sürüşmə baş vermir.
Yeni qaydalar əsasən Rusiyadan Azərbaycana avtomobil ixracına zərbə vuracaq. Bununla belə şimal ölkəsindən Azərbaycana "Niva" və "UAZ" kimi avtomobillər gətiriləcək. Çünki qaydalara əsasən tam ötürücülü nəqliyyat vasitələrinin idxalında hər hansı məhdudiyyət yoxdur. Qeyd olunan markalar hərbdə və dağ rayonlarında, inzibati təsərrüfatda geniş istifadə olunur.

Qeyd edək ki, 2012-ci ilin əvvəlinə olan vəziyyətə görə, Azərbaycanda təxminən 1 milyon minik avtomobili qeydiyyata alınıb, onlardan 400 mini təhlükəsizlik normalarına cavab vermir.

Bütün xəbərlər Facebook səhifəmizdə