ATƏT: "Ermənistan hökuməti seçicilərə təzyiq göstərir"

ATƏT: "Ermənistan hökuməti seçicilərə təzyiq göstərir"

Ermənistan hökuməti seçicilərə təzyiq göstərir. Bu fikir may ayında Ermənistanda keçiriləcək parlament seçkilərinə hazırlığın vəziyyətini müşahidə edən ATƏT-in nümayəndə heyətinin bəyanatında səslənib. Bəyanatda bildirilir ki, orta məktəblərin şagirdləri və müəllimlər, tələbələr, ictimai sektorun digər işçiləri Ermənistan Respublika Partiyasının (HHK) seçki kampaniyasında zorla iştirak etməyə cəlb olunurlar.


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) nümayəndələrinin verdikləri bəyanatda müşahidə missiyası üzvlərinin ölkənin iki aparıcı partiyası tərəfindən mayın 6-da Ermənistanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar seçki kampaniyasının əvvəlindən bu cür ciddi pozuntularla qarşılaşmaları barədə tənqidi fikirlər əksini tapıb.


Bəyanatda daha sonra qeyd olunur ki, şagirdlərin və bütünlükdə təhsil müəssisələrinin hər hansı siyasi fəaliyyətə cəlb olunmaları seçkilərə dair kodeksin 18.6-cı maddəsi ilə qadağan edilməsinə baxmayaraq DTİHB şagird və tələbələrin HHK-nin apardığı seçki kampaniyasında iştirakı ilə bağlı xeyli pozuntu halları ilə rastlaşıb. Aprelin 11-də Eçmiədzində şagird və tələbələr dərslərdən çıxarılaraq HHK-nin seçki kampaniyası ilə bağlı təşkil etdiyi tədbirdə iştiraka cəlb olunublar. Aprelin 14-də müəllimlərin şagirdləri dərsdən sonra Yerevanın Arabkir məhəlləsində ölkə prezidenti Serj Sarkisyanla seçicilərin görüşünə aparmalarının heç bir hüquqi əsası olmadığı diqqətə çəkilib. Müşahidəçilər HHK-dan olan namizədlərin təhsil ocaqlarında müəllim və tələbələrlə seçki kampaniyası ilə bağlı görüşlər keçirmələrinin yolverilməz hadisə olduğunu bildiriblər.


ATƏT-in seçkiqabağı müşahidə qrupunun üzvləri HHK-nin keçirdiyi tədbirlərdə iştirak etmək naminə bəzi müəssisələrdə çalışanların vaxtından xeyli əvvəl öz iş yerlərini tərk etmələrini qətiyyətlə pisləmiş və seçki kampaniyası dövründə belə halların baş verməsini anormal hesab ediblər.


Müşahidəçilərin diqqətini bəzi namizədlərin seçiciləri pul və digər vədlərlə ələ almaq kimi hallar da cəlb edib. Onlar rastlaşdıqları belə vəziyyətin seçki kampaniyasına tamamilə zidd olduqlarını diqqətə çatdırıblar.


Xatırladaq ki, mayın 6-da Ermənistanda keçiriləcək parlament seçkilərini ATƏT-in 300 nəfərdən ibarət beynəlxalq müşahidəçi qrupu izləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə