BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbulundan 19 il ötür

BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbulundan 19 il ötür

Bü gün BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı ilə bağlı 822 saylı qətnaməsinin qəbulundan 19 il ötür. Həmin sənədin mətninə əsaslanaraq bildirilir ki, orada başlıca olaraq Dağlıq Qarabağ münaqişəsinə dair Təhlükəsizlik Şurası sədrinin 1993-cü il 29 yanvar, 1 və 6 aprel tarixli bəyanatlarına əsaslanılıb.


Həmçinin BMT Baş Katibinin 14 aprel 1993-cü il tarixli məruzəsi nəzərə alınıb. Ermənistanla Azərbaycan arasında münasibətlərin pisləşməsi ilə əlaqədar ciddi təşviş ifadə edilib, hərbi əməliyyatların genişlənməsindən, xüsusilə erməni qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonuna hücumu barədə söhbət açılıb. Bildirilib ki, belə vəziyyət regionda sülh və təhlükəsizliklə bağlı narahatlıq doğurur.


Qətnamədə xüsusən də Kəlbəcər rayonu ilə əlaqədar geniş bəhs edilərək vurğulanıb ki, böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda, xüsusilə Kəlbəcər rayonunda, fövqəladə humanitar vəziyyətlə bağlı ciddi narahatlıq var.


Regiondakı bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini təsdiqləndiyi qətnamədə sərhədlərin pozulmazlığı, ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyi vurğulanıb.


Qətnamədə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (indiki ATƏT) çərçivəsində həyata keçirilən sülh prosesini dəstəklənib. Silahlı hərbi əməliyyatların genişlənməsinin bu proses üçün dağıdıcı nəticə verə biləcəyi narahatlıqla vurğulanıb. Möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatlar və düşmənçilik aktlarının dərhal dayandırılmalı, həmçinin işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılmalı olduğunun vurğulandığı sənəd maraqlı tərəfləri böhranın sülh yolu ilə həlli məqsədilə danışıqları dərhal bərpa etməyə və sülh yolunu çətinləşdirən hər hansı hərəkətlərdən çəkinməyə çağırıb.


BMT-nin qətnaməsində həmçinin vurğulanıb ki, mülki əhalinin əzablarını yüngülləşdirmək üçün regionda, xüsusilə münaqişəyə məruz qalmış rayonlarda, humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyət maneəsiz həyata keçirilməlidir. Bütün tərəflərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməyə borcludur.


Qeyd edək ki, BMT-nin 822 saylı qətnaməsi qurumun 3205 saylı iclasında yekdilliklə qəbul edilib./168.az/

Bütün xəbərlər Facebook səhifəmizdə