Səyid Nayyar Buxari: "Azərbaycan torpaqları işğaldan azad edilməyənə qədər Pakistan Ermənistanı bir dövlət kimi tanımayacaq"
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan Senatının yeni seçilmiş sədri Səyid Nayyar Buxari ilə görüşüb.
Səfirlikdən AzərTAc-a bildiriblər ki, görüşdə diplomat S.N.Buxarini Pakistan Senatının sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik etmiş, uğurlar arzulayıb. Səfir Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun pakistanlı həmkarına ünvanladığı təbrik və Azərbaycana səfər etməsi haqqında dəvət məktubunu Senatın sədrinə təqdim edib.
D.Şikarov ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıqdan danışıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycana verdiyi dəstəyə, işğalçı Ermənistanı bir dövlət kimi tanımadığına görə həmsöhbətinə minnətdarlığını bildirib. Səfir fevralın 1-də Senat tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbul edilməsini dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirdiyini qeyd edərək Pakistanın beynəlxalq hüququn normalarına və prinsiplərinə sadiqliyini və ölkəmizə qarşı olan qardaşlıq münasibətini bir daha nümayiş etdirdiyini bildirib.
Görüşdə diplomat cari ilin fevralın 28-dən martın 2-dək Pakistan Senatının sədr müavini Mir Can Camalinin rəhbərliyi ilə nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərə müsbət təsir etdiyini vurğulayıb.
Səfir Azərbaycanın daxili və xarici siyasətində əldə etdiyi uğurlardan, ölkədə aparılan yenidənqurma işlərdən və iqtisadi islahatlardan, "Eurovision" mahnı müsabiqəsinə hazırlıq işlərindən həmsöhbətinə məlumat verib. Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə həyata keçirdiyi genişmiqyaslı layihələrdən danışan diplomat qeyd edib ki, Azərbaycanın birinci xanımı, Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda da kimsəsiz və yoxsullar üçün humanitar layihələr reallaşdırılıb.
Pakistan Senatının sədri ölkəsinin Azərbaycanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini və bunun işğal olunmuş torpaqların azad olunana qədər davam edəcəyini vurğulayıv. Sədr bildiriv ki, fevralın 1-də Xocalı soyqırımının tanınması və Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə əlaqədar Pakistan Senatı tərəfindən qəbul edilmiş qətnaməyə şəxsən özü və təmsil etdiyi hakim xalq partiyası yekdilliklə səs veriv.
İki ölkə arasında iqtisadi əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edən Senatın sədri Azərbaycan ilə Pakistan arasında müdafiə sənayesi, enerji, əczaçılıq, kənd təsərrüfatı və informasiya texnologiyaları sahələrində əlaqələrin inkişafından danışıb.
S.N.Buxari Milli Məclisin sədri O.Əsədova ən xoş arzularını çatdırmağını xahiş edib, Pakistan Senatının sədri və Pakistan-Azərbaycan dostluq qrupunun sədri vəzifəsində iki qardaş ölkə arasında münasibətləri daha da genişləndirmək üçün səy göstərəcəyini bildirib.
Sonunda səfir Pakistanda urdu dilində çap olunmuş "Azərbaycan - Odlar yurdu" kitabını Senatın sədrinə təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB