Qənirə Paşayeva Strasburqda Şimal Kipr Türk Cümhuriyyətinin millət vəkilləri ilə görüşüb - FOTO

Qənirə Paşayeva Strasburqda Şimal Kipr Türk Cümhuriyyətinin millət vəkilləri ilə görüşüb - FOTO

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Strasburqda AŞPA-nın yaz sessiyası çərçivəsində Avropa Şurası Parlament Assambleyasında Kiprin Türk Xalqını təmsil edən Şimal Kipr Türk Cümhuriyyətinin millət vəkilləri Mehmet Çaglar və Ahmet Eti ilə görüşüb. SİA-nın məlumatına görə, millət vəkili Qənirə Paşayeva KKTC-nin uğurlarına dost, qardaş Azərbaycanın hər zaman sevindiyini, kədər, üzüntü və faciələrinə isə hər zaman üzüldüyünü deyib və Azərbaycan xalqının ürəyinin hər zaman Şimali Kiprdəki qardaş-bacılarımızın yanında olduğunu bildirib. O, qeyd edib ki, Avropa Şurası ilə Kipr Türkləri arasında əməkdaşlığın getdikcə daha da artması çox vacib və əhəmiyyətlidir. Dəfələrlə Şimali Kipr Türk Cümhuriyyətinə səfər etdiyini, oradakı insanımız, onun tarixi, bu günü, yaşadığı ağır faciələr, ədalətli mücadiləsi ilə bağlı məqalələr, kitablar yazdığını vurğulayan millət vəkili Qənirə Paşayeva əlaqələrin və əməkdaşlığın artmasının sevindirici bir hadisə olduğunu bildirib və ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inandığını bildirib. KKTC-də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı turistlərin sayının hər il surətlə artmasının müsbət hadisə olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva Mehmet Çaglar və Ahmet Etini Azərbaycana dəvət edib.

Qeyd edək ki, Q. Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar barədə də ətraflı məlümat verib və onlara Azərbaycan həqiqətlərinə dair bir sıra kitablar hədiyyə edib. Şimal Kipr Türk Cümhuriyyətinin millət vəkilləri Mehmet Çaglar və Ahmet Eti qardaş, dost Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafına böyük önəm verdiklərini və əməkdaşlığın getdikcə daha da atması üçün səyləri daha da gücləndirəcəklərini deyib. Azərbaycanı qardaş ölkə adlandıran millət vəkilləri Azərbaycanı sevdiklərini və Azərbaycana səfər etməkdən böyük məmnunluq duyacaqlarını bildiriblər. Millət vəkili Qənirə Paşayeva və Şimal Kipr Türk Cümhuriyyətinin millət vəkilləri Mehmet Çaglar və Ahmet Eti qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıblar.




Bütün xəbərlər Facebook səhifəmizdə