Azərbaycan Respublikası Milli Məclisinin üzvü Qənirə Paşayeva AŞPA-dakı çıxışında bütün dünya ictimaiyyətinə səslənib. SİA-ya verilən məlumata görə, müraciətdə deyilir: \"Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün sizi Ermənistana təzyiqləri artırmağa çağırır.
Biz Şimali Qafqazdakı məcburi köçkünlərin çəkdiyi əziyyətləri, yaşadığı acıları ən yaxşı anlayan insanlardanıq. Mən hər 9 nəfər vətəndaşından biri qaçqın və məcburi köçkün olan, qaçqın və məcburi köçkünlərinin sayına görə, Avropada və dünyada analoqu olmayan bir ölkənin Azərbaycanın nümayəndəsi olaraq Şimali Qafqazdakı məcburi köçkün insanların hansı çətinliklər çəkdiyini bir çoxlarından daha yaxşı anlayıram. Mən məruzədə Şimalı Qafqazdakı məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına çağıran bütün tövsiyyələri dəstəkləyirəm. Amma o insanlar bizdən çox şey gözləyirlər. Sadəcə müzakirələr aparmaq və sənədlər qəbul etməklə əsas işimizi bitmiş hesab edə bilmərik. O, insanlar bizdən qəbul etdiyimiz qətnamələrin, sənədlərin həyata keçmişi üçün daha təsirli mexanizmlərə əl atmamızı, qəbul etdiyimiz sənədlərin necə yerinə yetirilməsinə ciddi nəzarət etməyi və bu istiqamətdə tez-tez müzakirələrin açılmasını gözləyirlər. Biz bu gün Şimalı Qafqazdan danışırıq. Amma Cənubi Qafqazda qaçqınlar və məcburi köçkünlərlə bağlı vəziyyət daha dəhşətli, daha faciəvidir
Bütün Avropadakı qaçqın və məcburi köçkünlərin 3-dən 1- dən çoxu təkcə bir ölkədə mənim ölkəm Azərbaycandadır. Çünki Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması və bu işğalın hələ də davam etməsi səbəbindən 100 minlərlə azərbaycanlı məcburi köçkünlər 20- ildir ki, öz evlərinə dönə bilmirlər. Bir neçə gün sonra may ayında Azərbaycanın Şuşa şəhərinin və Laçın rayonunun Ermənistan tərəfindən işğalının 20-ci ili tamam olur. 20 ildir Şuşalılar, Laçınlılar və digər məcburi köçkünlər öz evlərinə qayıda bilmirlər və bu Avropa məkanında davam edən ən böyük insan haqları pozuntusudur. Amma gəlin xatırlayaq sonuncu dəfə bununla bağlı müzakirələri nə vaxt aparmışıq. Artıq uzun bir zaman keçib. Gəlin xatırlayaq. Bununla bağlı qəbul etdiyimiz sənədlər nə qədər həyata keçirilib. Nəticə yoxdur. Bizim bu assambleyada qəbul etdiyimiz 1416 saylı qətnamədə deyilirdi ki, Ermənistan işğal etdiyi Azərbaycan torraqlarından çəkilməlidir və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan verilməlidir. Qətnamənin qəbulundan 9 il keçsə də Ermənistan bu günə qədər onu yerinə yetirməkdən imtina edir. Sizcə artıq 100 minlərlə insanın taleyinə laqeyd qalmayıb daha sərt addımlara əl atmaq vaxtı deyilmi? Hər il 100-lə insan öz evinə dönmək həsrəti ilə dünyadan köçür. Bundan ağır faciə ola bilərmi?
Mən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərinin müraciətini sizə çatdırmaq istəyirəm. Bu insanlar Assambleyaya müraciətlə bizi unutmayın deyir. Onlar Assambleyaya müraciətlə qəbul etdiyiniz 1416 saylı qətnamənin həyata keçirilməsi üçün fəaliyyətinizi, aktivliyinizi, təsir və təzyiqlərinizi artırın deyir.
Mən Assambleyamızı Cənubi Qafqazda da məcburi köçkünlərin vəziyyəti ilə bağlı yaxın zamanlarda müzakirələr aparmağa çağırıram. Çünki harada olmasından asılı olmayaraq biz qaçqın və məcburi köçkünlərin məsələsini daha çox diqqətdə saxlamalı və onlara öz kömək əlimizi uzatmalıyıq\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB