Əli Həsənov : \"Azərbaycanı qonşu və dünya dövlətləri ilə fərqli müstəvilərdə toqquşdurmaq istəyirlər\" - MÖVQE

Əli Həsənov : \"Azərbaycanı qonşu və dünya dövlətləri ilə fərqli müstəvilərdə toqquşdurmaq istəyirlər\" - MÖVQE

\"Azərbaycanı qonşu və dünya dövlətləri ilə fərqli müstəvilərdə toqquşdurmaq istəyirlər\". SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazı beynəlxalq maraqların toqquşma nöqtəsinə və beynəlxalq münaqişələrin cərəyan etdiyi bölgəyə çevirmək istəyirlər. O, qeyd edib ki, Azərbaycan bölgədə yalnız dünya dövlətlərinin ədalətli rəqabətinin, iqtisadi əməkdaşlığının və yaxşı tərəfdaşlığının meydanına çevrilə bilər: "Azərbaycan heç zaman nə qonşularına qarşı, nə də digər dövlətlərə qarşı kiminsə həyata keçirmək istədiyi qeyri-sağlam niyyətlərində iştirak etməyəcək. Bu istiqamətdə Azərbaycana təzyiqlər də var, hər gün Azərbaycanda guya jurnalistlərin döyülməsi, söz və insan hüquqlarının pozulması barədə uydurma məlumatlar yayırlar. Hətta bəzən təxribatlar da planlaşdırılır və həyata keçirilir. Bunun da nəticəsi olaraq Azərbaycan dövlətini nüfuzdan salmağa çalışırlar".

Xarici mediada "Eurovision" beynəlxalq mahnı yarışmasının Azərbaycanda keçirilməsinə dair tənqidi materiallar yayımlanmasına gəlincə, PA rəsmisi bildirib ki: "Dünyada siyasi prosesləri qiymətləndirmək və onun ətrafında iş aparmaq üçün gözəl Strasburq meydanı, Avropa Şurası var, dünyanın transmilli ictimai-siyasi həyatı var. İki gəncin qələbəsini bu qədər siyasiləşdirib onları basqı altında saxlamaq və bu qədər dünya musiqi ictimaiyyətinin sinirləri ilə oynamaq cəhdi heç kəsə baş ucalığı gətirmir. Bu, ilk növbədə "Avroviziya" beynəlxalq mahnı yarışmasının təşkilatçılarına, yarışmada qalib olmuş 2 gəncə, ikinci növbədə isə Azərbaycan xalqına və dövlətinə olan hörmətsizlikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə