Milli Məclisinin bu gün keçirilən iclasında "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər qəbul edilib. SİA-nın xəbərinə görə, qanuna dəyişikliklər dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsaitin bölüşdürülməsini əks etdirir.
Qanuna edilən əlavəyə görə, dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin 10 faizi, irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Parlamentində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatların sayına proporsional olaraq bölünür.
Qanuna dəyişikliyə görə, siyasi partiyaların bələdiyyə orqanları və onların tabeliyində olan qurumları, xarici dövlətlər və xarici hüquqi şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, yetkinlik yaşına çatmamış şəxslər, soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyasını və nömrəsini göstərməyən fiziki şəxslər, hərbi hissələr, ictimai birliklər və fondlar, dini qurumlar, hüquqi şəxslər tərəfindən maliyyələşdirilməsi, o cümlədən ianələr qəbul etməsi qadağandır. Siyasi partiyalar qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları maliyyə hesabatına daxil etməli olacaqlar. Həmçinin, qanuna edilən dəyişilkliyə görə, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə kütləvi inforrnasiya vasitələrində dərc etdirməlidir.
Qanuna olunan əlavəyə görə, siyasi partiya dövlət qeydiyyatına alınan zaman proqramını və sonradan həmin proqrama edilən hər hansı dəyişikliyi müvafiq icra hakimiyyəti orqanına məlumat üçün təqdim edir. Həmçinin, qeyd olunub ki, siyasi partiyaların ilk təşkilatlarının, komitələrinin və digər təşkilati strukturlarının Azərbaycanın dövlət orqanlarında fəaliyyətinə yol verilmir. Dəyişiklikdə göstərilir ki, dövlət qeydiyyatına alınmayan siyasi partiya dövlət qeydiyyatına alınmış siyasi partiya kimi çıxış edə və ya fəaliyyət göstərə bilməz. Həmçinin, qanuna edilən əlavəyə görə, dövlət və yerli özünüidarəetmə orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə yol verilməyəcək. Qanuna dəyişikliklər siyasi partiyalar qarşısında müəyyən vəzifələr də qoyur. Belə ki, qanunun \"Siyasi partiyaların fəaliyyət formaları\" maddəsində qeyd olunur ki, partiyalar vətəndaşlar arasında siyasi maarifləndirmə işi aparmalıdır.
Yeni qanun layihəsində göstərilir ki, siyasi partiyanın nizamnaməsini və proqramını qəbul etmiş, yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşları siyasi partiyaya üzv ola bilərlər. Siyasi partiyalar tərəfindən üzvlərinin qeydiyyatı aparılır. Siyasi partiyanın ali rəhbər orqanı siyasi partiyanın beş ildə bir dəfədən az olmayaraq keçirilən qurultayıdır.
Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov bidlirib ki, yeni dəyişikliklərlə ölkədəki siyasi partiyalar daha səmərəli şəkildə fəaliyyət göstərəcək. O, maliyyələşmə məsələsində müəyyən qədər ədalətsizlik olduğunu da qeyd edib.
YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı isə siyasi partiyaların maliyyələşdiriləcəyi zaman hakim partiyaya daha çox pul ayrılacağı ilə bağlı deyilənləri tənqid edib. O bildirib ki, əgər Azərbaycanda da siyasi partiyalara dünya praktikasında tətbiq olunan qaydalarla maliyyə ayrılsaydı, YAP-a daha çox vəsait düşərdi: "Azərbaycanda indiyədək yalnız YAP hər il öz hesabatını açıqlayır. Amma digər partiyalar, o cümlədən müxalifət partiyaları qanunvericiliyə rəğmən hesabat açıqlamırlar. Seçkilər siyasi partiyaların cəmiyyətdə yerini müəyyən edir. Onun sözlərinə görə, qanuna dəyişikliklərdə qeyd olunan siyasi partiyaların maliyyə hesabatları verməsi çox mühüm məsələdir. YAP maliyyə hesabatları təqdim edən yeganə patrtiyalardan biridir, heç bir müxalif partiyası maliyyə hesabatı təqdim etmir.
Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov artıq Azərbaycanda küçə müxalifətçiliyindən əl çəkərək sivil müxalifətçiliyə keçməyin vaxtının çatdığını qeyd edib. Dövlətin həmişə kompromisin tərəfdarı olduğunu deyən Z.Əsgərov iqtidar-müxalifət dialoqunu hər zaman Milli Məclisdə müzakirə etmək istədiklərini qeyd edib.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə bildirib ki, qanuna belə bir dəyişikliyin müzakirəyə çıxarılması hakimiyyətin siyasi islahatlar həyata keçirməsindən xəbər verir. Millət vəkili dəyişikliklərdə siyasi partiyaların müharibə təbliğatı aparmasına qadağaya etiraz bildirib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB